Məhkəmə qərarları › İş №3(029)-70/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-70/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-70/2022 10.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 26.12.2021-ci il tarixdə saat 07:10 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “DAF FT XF 105.460” markalı, “99GN945/99ZA995” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Samur” gömrük postunda gömrük baxışı keçirildikdən sonra HCVG 6032 markalı stasionar rentgen qurğusuna göndərilmişdir. Rentgen qurğusunda baxış zamanı kabinada yerləşən sürücü oturacağının arxasında istirahət üçün nəzərdə tutulmuş yerin alt hissəsində şübhəli məqamların olduğu aşkar olunmuş və yük nəqliyyat vasitəsi təkrar gömrük yoxlamasına cəlb edilmişdir. Təkrar gömrük yoxlaması zamanı yük nəqliyyat vasitəsinin yataq yerinin alt hissəsində olan boşluqdan gömrük orqanlarına bəyan olunmayan 2 ədəd çemadanda ümumi sayı 4 qutu oyun kartı, hər çamadanda 20 ədəd bağlama hər bağlamada 25 ədəd olmaqla 40 bağlama cəmi 1000 ədəd oyun fişi və 2 ədəd saniyə ölçən cihaz kazino ləvazımatıları aşkar edilmişdir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 18.02.2022-ci il tarixli 01400- 1999/21 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2022-ci il tarixli 9/80 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd alüminium çemadana qablaşdırılmış, 20 ədəd bağlama hər bağlamada 25 ədəd olmaqla cəmi 500 ədəd oyun fişi, 2 ədəd oyun kartı və “DEALER” markalanma göstəricisi olan saniyə ölçənlə birlikdə kazino oyun ləvazimatlarının 26.12.2021-ci il tarixə orta bazar qiyməti təxminən 275 manat, 2 ədədinin qiyməti isə 550 manat müəyyən edilmişdir. İş materiallarında olan 15.02.2022-ci il tarixli 9/80 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100,0 (yüz) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 550 (beş yüz əlli) manat təşkil edən 2 ədəd çemadanda ümumi sayı 4 qutu oyun kartı, hər çamadanda 20 ədəd bağlama hər bağlamada 25 ədəd olmaqla 40 bağlama cəmi 1000 ədəd oyun fişi və 2 ədəd saniyə ölçən cihaz olan kazino ləvazımatıları müsadirə edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar