Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-88/2024 16.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Qusar Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqında iş icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Qusar rayonu, X2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Qusar rayonu, Yuxarı Kalunxur kəndində qeydiyyatda olan, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Qusar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin 3(029)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş ictimai işlər inzibati tənbehini çəkməkdən imtina etmişdir. Həmin faktla bağlı Qusar RİPŞ-nin böyük icra məmuru (probasiya üzrə) X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq həmin tarixdə baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ona təyin olunmuş ictimai işlər inzibati tənbehini yerinə yetirmədiyini, elektron nəzarət vasitəsini gəzdirmək imtina etdiyini etiraf etmişdir. Həmin tənbehi çəkməkdən imtina səbəbini onunla əsaslandırmışdır ki, onun təqsiri yoxdur, əsassız yerə tənbeh tədbiq edilmişdir. Təqsiri olmadığı təqdirdə cəza çəkməsini düzgün hesab etmir. Razı olmadığı məhkəmənə qərarlarından şikayət verməmişdir. Məhkəmə iclasında Qusar Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. 529.4. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə- üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs izahatını sübut kimi qəbul edir.Belə ki, özü məhkəmə iclasında bildirmişdir ki, məhkəmə qərarı ilə təyin edilmiş inzibati tənbehi yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qərarlarının icrasından boyun qaçırma hallarının artmaması və bu kimi halların çoxalmaması məqsədilə hazırkı işlə bağlı həbs inzibati tənbehi tədbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:23-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov