Məhkəmə qərarları › İş №3(029)-89/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-89/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-89/2025 02.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Qusar rayonunda anadan olan, Qusar rayonu, Qayakənd kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Anbardar vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30-da Qusar rayonu, Qayakənd kəndində ov bileti olmadan qanunsuz saxladığı ov tüfəngi ilə 03 ədəd çöl ördəyini ovlamışdır. Təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 19:30-da Qusar rayonu, Qayakənd kəndi ərazisində ov etmək qaydalarını kobud şəkildə pozmuşdur. Həmin faktlarla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı, İXM-nin 272.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokollar üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və bir daha belə qanunsuz hərəkətlərə yol verməyəcəyini bildirmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü və 590.2-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsindən ötürü Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. X1 qanunsuz saxladığı, aşkar edilərək götürülmüş 01 ədəd təklüləli, yivsiz, 16 kalibrli, qundaq, balaqundaq və lülə nömrəsi y77619 olan ov tüfəngi, 08 ədəd ov tüfəngi üçün patron, 01 ədəd dəri patrondaş müsadirə olunduqdan sonra Azərbaycan Respublikası DİN-in Təchizat İdarəsinə təhvil verilməsindən ötrü Qusar RPŞ-nin İTB-yə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətləri İdarəsinin xx.xx.2025-ci il tarixli, 89224 nömrəli aktından və ona əlavə edilmiş cədvəldən görünür ki, Şəxs tərəfindən qanunsuz ovlanmış heyvanın cinsi çöl ördəyidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-12/2-97064/2025 nömrəli məktubundan görünür ki, 16 kalibrli, y77619 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməli düzgün tövsif edilməmişdir, onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2 və 272-1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, iş materiallarında görünür ki, Şəxs tərəfindən qanunsuz ovlanmış heyvanın cinsi çöl ördəyidir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi isə balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının xx.xx.1998-ci il Balıqçılıq haqqında qanununda balıq və digər su bioresurslarının anlayışı “balıqçılıq su obyektlərində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq, digər su heyvanları və bitkilərinin, onların məhsullarının, o cümlədən kürülərinin və sürfələrinin, toxumlarının mütləq kütləsi” şəklində verilmişdir. Həmçinin “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli Qərarında çöl ördəyi heyvan cinsinin balıq və digər su bioresursları siyahısına daxil olmadığı müəyyən edilmişdir. Şəxs qanunsuz ov tüfəngi saxlamaqla törətmiş olduğu əməl isə düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi həmin məcəllənin 272-1-ci maddəsinə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-də tövsif institutu nəzərdə tutulmadığından Azərbaycan Respublikası CPM-nin normalarına istinad olunmalıdır. Azərbaycan Respublikası CPM-in Maddə 318. Məhkəmə baxışının hədləri 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi həm özünün etirafedici izahatı, həm də iş materialları ilə sübut olunur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görəyəni İXM-nin 272-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin Maddə 272-1. Ov etmək qaydalarının pozulması Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə–inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır 590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının 272-1 və 590.2-ci maddələri ilə təqsirli bilinməli və daha ağır məsuliyyət nəzərdə tutan inzibati xətaya görə yəni Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə 01 ədəd təklüləli, yivsiz, 16 kalibrli, qundaq, balaqundaq və lülə nömrəsi y77619 olan ov tüfəngi, 08 ədəd ov tüfəngi üçün patron, 01 ədəd dəri patrondaş müsadirə olunmaqla 1000 (min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə təqsirli bilinsin, İXM-nin 272-1-ci maddəsi ilə 01 ədəd təklüləli, yivsiz, 16 kalibrli, qundaq, balaqundaq və lülə nömrəsi y77619 olan ov tüfəngi, 08 ədəd ov tüfəngi üçün patron, 01 ədəd dəri patrondaş müsadirə olunmaqla 1000 (min) manat məbləğində cərimə, İXM-nin 590.2-ci maddəsi ilə 01 ədəd təklüləli, yivsiz, 16 kalibrli, qundaq, balaqundaq və lülə nömrəsi y77619 olan ov tüfəngi, 08 ədəd ov tüfəngi üçün patron, 01 ədəd dəri patrondaş müsadirə olunmaqla 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə 01 ədəd təklüləli, yivsiz, 16 kalibrli, qundaq, balaqundaq və lülə nömrəsi y77619 olan ov tüfəngi, 08 ədəd ov tüfəngi üçün patron, 01 ədəd dəri patrondaş müsadirə olunmaqla 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar