Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-9/2023 05.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1990-cı ildə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu Qubaxəlilli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 442-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində əvvəlcədən polis əməkdaşlarının tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq müdiriyyəti olduğu “Ladeyra” restoranında müştərilərin pirotexniki və partlayıcı maddələrdən istifadə etmələrinə şərait yaratmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi VMİE, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 və 442-ci maddələri ilə xx.xx.2022-ci il tarixli MN 1719078-03 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hazırda özü “Ladeyra” restoranının müdiri vəzifəsində işləyir. Yeni il qabağı onlara müştərilərin pirotexniki və partlayıcı maddələrdən istifadə etmələri tapşırılmışdır. Bununla bağlı işçi heyəti və gələn müştərilər xəbərdarlıq edilmişdir. Özü və işçiləri istehsalı və ya satılması qadağan olunmuş vasitələrdən istifadə etməmiş, satışını həyata keçirməmişdir, onlardan istifadə etməmişdir. Bayram günü özü və restoran işçiləri fişəng və ya pirotexniki vasitələrdən istifadə etməmişlər. Həmçinin, müştərilərə istehsalı və ya satılması qadağan olunmuş vasitələrdən istifadə etməmək barədə məlumat verilmişdir. Lakin, bir müştəri katejin terrasından havaya fişəng atmışıdır. Özü və işçiləri heç bir qanunsuz hərəkət etməmişdir. Polisin qanuni tələblərinə tam tabe olmuşdur. Polisin əməkdaşlarına qarşı heç bir tabesizlik etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsinin dispozisiyasında istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) nəzərdə tutulmuşdur. Lakin, Şəxs tərəfindən bu cür fəaliyyətin olması sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmuş və onun əməlində heç bir qanunsuzluq yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 442 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 442 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-9/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-9/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver