Məhkəmə qərarları › İş №3(029)-95/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-95/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-95/2024 26.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Qusar rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1998-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-645/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs X1 borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat pul, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu alınaraq tələbkar X1 qaytarılmalıdır. Borclu Şəxs həmin borcu tələbkar X1 ödəməmiş, bununla da, o, məhkəmə qərarını icra etməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-645/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs X1 borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat pul, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu alınaraq tələbkar X1 qaytarılmalıdır. xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərar qəbul olunaraq həmin tarixdə borcluya bildiriş göndərilmiş, eyni zamanda həmin şəxsə tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin, borclu Şəxs həmin borcun ödənilməsini təmin etməmişdir. Borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlaklar araşdırılmış, belə bir əmlaklar aşkar edilməmişdir. Tərəflər bir neçə dəfə şöbəyə dəvət edilmiş, razılığa gəlmələri təklif edilmiş, lakin razılıq olmamışdır. Borclu az miqdarda ödəniş etmiş, lakin tələbkar qəbul etməmişdir. Borclu borcun hissə-hissə ödənilməsini təklif etmiş, ona bu barədə məhkəmə tərəfindən qərar qəbul olunmalı olduğu izah edilmişdir. Borclunun iş yerinin olması da araşdırılmış, işləmədiyi müəyyən olunmuşdur. Həmçinin, borcludan bir neçə dəfə izahat alınmış, lakin həmin şəxs borcun tam olaraq ödənilməsini təmin etməmişdir. Odur ki, həmin şəxsin barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-645/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan X1 borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat pul, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu alınaraq tələbkar X1 qaytarılmalıdır. O, icra sənədinin icrasından qəsdən yayınmamış, maddi vəziyyəti çox pis olduğuna görə borcu ödəyə bilməmişdir. Belə ki, o, gündəlik işlərdə işləməklə ayda təxminən 300-400 manat qazanc əldə edir. O, imkanı olan kimi borcu ödəməyə çalışır, tələbkara poçt xidməti vasitəsi ilə 3 dəfə 50 manat, 1 dəfə 40 manat, 1 dəfə 400 manat pul göndərmişdir. Bir neçə dəfə tələbkara borcun hissə-hissə ödənilməsini, o cümlədən yaxın qohumunun adına olan torpaq sahəsini və ya evini borcun əvəzi kimi verməyi təklif etmiş, lakin tələbkar bundan imtina etmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-645/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs X1 borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat pul, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu alınaraq tələbkar X1 qaytarılmalıdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli 1436/2024-50-9-004 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-645/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, maddi imkanı olmadığınıa görə borcu ödəyə bilmədiyini, tələbkara borcun hissə-hissə ödənilməsini təklif etməsə də, bundan imtina etdiyini bildirmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri, iş yeri və s. barədə məlumatlar yoxdur. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi haqqında” aktdan görünür ki, həmin tarixdə Şəxs yaşadığı Qusar rayonu Avaran kəndində yerləşən evə baxış keçirilmiş, lakin orada tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024cü il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs tərəfindən X1 40, 50, 50, 50, 400 manat məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Qusar rayon məhkəməsinin 2(029)-645/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə məcburi icra tədbirləri həyata keçirilərkən borclu Şəxs müvafiq izahatlar alınmış, həmçinin maddi və əmlak vəziyyəti yoxlanılmışdır. Həmin şəxs öz izahatlarında maddi vəziyyətinə görə borcu ödəyə bilmədiyini göstərmiş, həmçinin araşdırma zamanı onun mülkiyyətində daşınar və daşınmaz əmlakının, iş yerinin olmaması müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən tələbkarın ünvanına bir neçə dəfə pul göndərilmişdir. Bununla da, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-645/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından qərəzli və üzürsüz olaraq yayınması və ona istinad olunan inzibati xətanı törətməsi məhkəmədə tam olaraq öz təsdiqini tapmamış, əksinə bu barədə əsaslı şübhələr var və həmin şübhələr həmin şəxsin xeyrinə həll olunmalıdır. Odur ki, hazırkı halda Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar