Məhkəmə qərarları › İş №3(029)-97/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-97/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-97/2024 08.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Şəxs iştirakı ilə xx.xx.1964-cü ildə Qusar şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qusar şəhəri, Q.Məhəmməd küçəsi, ev 72-də yaşayan Şəxs barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin 01400/01757 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 10000 (on min) manat cərimə borcunu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında, protokol üzrə özünü təqsirli bildiyini, hal hazırda işləmədiyini, cəriməni ödəməyə maddi imkanının olmadığını bildirmişdir. İş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin №01400/01757 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib 10000 (on min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Azərbcaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin 01400/01757 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli 276319/2023-50-9 saylı bildirişin surətindən görünür ki, Azərbcaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin 01400/01757 saylı, xx.xx.2023-cü il tarixli xəta haqqında iş üzrə qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında, Dövlət Gömrük Komitəsinin cərimə ilə bağlı qərarı ilə razı olmadığını və maddi imkanının olmadığı üçün cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 276319/2023-50-9-007 saylı arayışından görünür ki, borclu Şəxs vermiş olduğu izahatında, maddi imkanı olmadığından və Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin 01400/01757 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə razı olmadığından cərimə borcunu ödəmədiyini bildirmişdir. Eyni zamanda borclunun əmlak vəziyyəti ilə gəlir yerlərinin aşkar olunması üçün müvafiq orqanlara sorğular verilmiş, lakin qanunla üzərinə tələb yönədilə biləcək əmlak və gəlirlər aşkar olunmamışdır. İş materiallarında olan Şəxs barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 114, 115, 117, 128-130, 154-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar