Məhkəmə qərarları › İş №3(030)-100/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-100/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-100/2025 11.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Gəncə Şəhər Yol Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Şəhər Yol Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Gəncə Şəhər Yol Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Gəncə Şəhər DYPX-nin əməkdaşı xx.xx.2025ci il tarixdə idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobili saxladaraq avtomobilin üzərində olan duman üçün işıq cihazının normativ tələblərə uyğun olmadığını bildirərək barəsində protokol tərtib etmişdir. Avtomobilin üzərində sözügedən işıq cihazları olmasına baxmayaraq, həmin işıqlar naqildən ayrılmış halda olmuş və heç vaxt o işıqlardan istifadə etməmişdir. Qərarın qanunsuz yazıldığını əsas gətirərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı Gəncə BPİ DYPŞ-nə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndə qismində hər hansı əməkdaş məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsinin tələblərinə uyğun olaraq işə Gəncə BPİ DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 İXM-nın 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X2 avtomobilə quraşdırılan və qanunla yolverilməz olan işıq cihazlarının elektrik sistemindən ayıraraq işlək vəziyyətdə olmadığını bildirərək barəsində tərtib edilmiş protokoldan narazı olduğunu göstərir. Lakin, həmin işıq cihazlarının işlək vəziyyətə olmaması pozuntunu aradan qaldıran hal deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə, habelə 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qeyd olunan əsaslardan hər hansı biri hazırkı iş üzrə aşkar olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında Gəncə Şəhər Yol Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X2 barəsində Gəncə Şəhər Yol Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar