Məhkəmə qərarları › İş №3(030)-118/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-118/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-118/2025 30.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5, tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonu Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 29 may 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(030)-640/2024 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 482 manat aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(030)- 640/2024 saylı icra vərəqəsi üzrə xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay cavabdeh Şəxs tərəfindən hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara hazırki vaxtadək 482 (dörd yüz səksən iki) manat məbləğində aliment borcu qalmışdır. Borclu hər uşağa 35 manatdan artıq ödəniş etməyəcəyini qərəzli şəkildə olaraq bildirir. İcra tədbirləri görülmüş və adına heç bir əmlak də aşkar olunmamışdır. Borclu tərəfindən aliment borcunu ödəməlkdə qərəzli yayınma halları mövcud olduğundan edilənlərə əsasən, borclu barəsində yenidən inzibati protokol tərtib olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 482 manat aliment borcu qalmışdır. Heç bir yerdə işləmədiyindən aliment borcunu tam ödəyə bilməmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Azərin ona 482 manat aliment borcu qalmışdır. Bu günə kimi aliment borcunu tam şəkildə ödəməmişdir. Aliment borcunu ödəməyəcəyi halda məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs işləmir. Maddi imkanı olduqca aşağı səviyyədədir. Yaranmış aliment borcunun hamsını hazırda ödəniş etməyə imkanı çatmır. Göründüyü kimi borclunun aliment borcunu ödəməkdən qərəzli yayınması halları mövcud deyildir. Bütün bu halların nəzərə alınaraq şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inizbati xəta haqqında 29 may 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(030)-640/2024 saylı icra vərəqəsinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara 482 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(030)-640/2024 saylı icra sənədinə əsasən borclunun hazırda 482 (dörd yüz səksən iki) manat borcu qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin borcundan ödəniş etməyəcəyini qərəzli şəkildə bildirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkilini, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, borclu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, tələbkarın izahatı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsində zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olubolmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən təkrar olaraq icra etməməsini, ödəmədən yayınmasını və bununla da məhkəmə qərarını icra etməməklə yanaşı uşaqların maddi təminatını daha da ağırlaşdırmasını nəzərə alaraq hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 30 may 2025-ci il saat 16:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar