Məhkəmə qərarları › İş №3(030)-12/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-12/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-12/2025 09.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayon Dəstəfur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Daşkəsən rayon Quşçu kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: İmanov X2 Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(030)-67/2024 saylı icra vərəqəsi üzrə borclu Şəxs 4000 manat əsas borc və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 manat məbləğində pul vəsaiti alınıb tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 4060 (dörd min altmış) manat məbləğində borcu qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(030)-67/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs hazırki vaxtadək 4060 (dörd min altmış) manat məbləğində borcu qalmışdır. Borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə qərarının icra etmədiyi halda inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Həmçinin borclu dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, şəxsin barəsində axtarış verilmiş yalnız bundan sonra polis vasitəsilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Belə ki, borclu sonuncu dəfə 29 noyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Daşkəsən rayon İcra və Probasiya şöbəsinə gətirilmiş və təhvil verilmişdir. Lakin borclu barədə protokol hazırlanıb məhkəməyə təqdim edilən zaman qaçmış və icra məmurunun göstərişini yerinə yetirməkdən bir daha boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli icra vərəqəsinə əsasən onun tələbkara 4060 (dörd min altmış) manat məbləğində borcu qalmışdır. Həmin borcun ödənilməsi icra məmuru tərəfindən ondan tələb edilmişdir. Qətnamə çıxarılan iş üzrə məhkəmə iclaslarında iştirak etsə də, işin nəticəsindən məlumatlı olmamışdır. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Hal-hazırda fərdi əməklə məşğul olmaqla fəhləlik edir. Ona görə də borcun ödənilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs işləmədiyi üçün tələbkara olan borcu ödənməmiş qalmışdır. Odur ki, şəxsin qərəzli olaraq borcunu ödəməkdən yayınmadığını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə inizbati xəta haqqında 09 yanvar 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(030)- 67/2024 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş, eyni icra sənədi üzrə inzibati xətanı təkrar olaraq törətmiş nəticədə tələbkar Zərərçəkmiş şəxs 4060 (dörd min altmış) manat məbləğində borcu qalmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun və tələbkarın izahatları, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə tam təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra edilməməsi məhkəmənin nüfuzuna xələl gətirirməklə yanaşı pozulmuş hüquqların bərpasını, vurulmuş ziyanın ödənilməsini mümkünsüz edir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclu Şəxs ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(030)-67/2024 saylı icra vərəqəsinə əsasən borclu hansı bir üzürlü səbəblər olmadan məhkəmə qərarını bu vaxta qədər icra etməyərək ödəməli olduğu 4060 manat borcundan bu vaxta qədər heç bir ödəniş etməmişdir. Hər hansı bir üzürlü səbəblər olmadan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməmişdir. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün gün müddətinə inzibati həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 09 yanvar 2025-cü il saat 17:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar