Məhkəmə qərarları › İş №3(030)-121/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-121/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-121/2025 11.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş material üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 11 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3103/2018 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs1 16980 (on altı min doqquz yüz səksən) manat məbləğində aliment borcunu və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(030)-57/2017 nömrəli icra vərəqəsi üzrə Şəxs digər tələbkar Zərərçəkmiş şəxs2 1812 (bir min səkkiz yüz on iki) manat borcu ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3103/2018 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Zərərçəkmiş şəxs1 16980 (on altı min doqquz yüz səksən) manat məbləğində aliment borcu və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(030)-57/2017 nömrəli icra vərəqəsi üzrə isə Zərərçəkmiş şəxs2 1812.78 manat borcu var. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)-99/2025 saylı qərarı ilə borclu 10 gün müddətində həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra borcluya borclarını könüllü icra etməsi bildirilmiş və xəbərdarlıq olunmuşdur. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclu məhkəmənin qərarı ilə verilmiş inzibati tənbehdən nəticə çıxarmayaraq borclarını ödəməkdən təkrar olaraq qərəzli yayınır. Borclunun borcunu yönəldilə biləcək rəsmi gəliri və adına əmlakı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hazırkı borca görə 14 may tarixində 10 gün həbs edilmişdir. 16 gündür ki, həbsdən çıxmışdır. Həbsdən buraxıldıqdan sonra Zərərçəkmiş şəxs1ə olan aliment borcundan 300 manat ödəniş etmişdir. Həmin ödənişi də borc tapıb ödəmişdir. Şəxsiyyət vəsiqəsi olmadığından iş üçün müraciət edə bilməmişdir. 4 iyun tarixində yeni şəxsiyyət vəsiqəsi almışdır. Bundan sonra işə qəbul üçün müraciətlər etmişdir. Odur ki, nəzərərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 bildirmişdir ki, uşaqlarının maddi ehtiyacını qarşılamaqda çətinlik çəkir. Borclunun hazırki vaxtda ona on yeddi min manata yaxın aliment borcu qalmışdır. Borclu ona 7 il ərzində cəmi 280 manat məbləğində ödəniş etmişdir. Borcun tam ödənilməsini əks halda məhkəmədən Şəxs inzibati tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə iş üzrə digər zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs2 məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Daşkəsən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında 11 iyun 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3103/2018 nömrəli və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-57/2017 saylı icra vərəqələrinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş, tələbkar Zərərçəkmiş şəxs1 16980 (on altı min doqquz yüz səksən) manat məbləğində aliment borcu, Zərərçəkmiş şəxs2 isə 1812.78 manat borcu qalmışdır. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli 3(030)-99/2025 saylı qərarının surətindən görünür ki, Şəxs 10 gün müddətində inzibati həbs olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, borclunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərkibi mövcud deyildir. Belə ki, hazırkı işə aid icra sənədlərinin icrası ilə əlaqədar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Mayılov X3 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)-99/2025 nömrəli qərarı ilə 10 (on) gün müddətində inzibati həbs olunmuş və xx.xx.2025-ci il tarixdə onun həbs müddəti bitmişdir. Həbsdən buraxıldıqdan sonra tələbkar Zərərçəkmiş şəxs1 300 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni icra sənədlərinə əsasən Daşkəsən rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati həbs olunmuş və xx.xx.2025-ci il tarixdə onun həbs müddəti bitmişdir. Həbsdən buraxıldıqdan sonra tələbkar tələbkar Zərərçəkmiş şəxs1 300 manat məbləğində ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon icra və probasiya şöbəsinə gələrək borcları ilə bağlı yazılı izahatını vermişdir. Həmin tarixdə şəxsin barəsində Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 528.1-1 maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar