Məhkəmə qərarları › İş №3(030)-127/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-127/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-127/2024 28.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fəhləliklə məşğul olan, Daşkəsən rayon Kəmərqaya kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Göygöl Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(066)-1316/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 13 dekabr 2011-ci il təvəllüdlü X2 və 06 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat məbləğində alimenti tələbkar X3 ödəməyə borlcu olduğu halda, məhəkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar X3 12283 (on iki min iki yüz səksən üç) manat məbləğində aliment borcu qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 bildirmişdir ki, Göygöl Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(066)-1316/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 12283 manat məbləğində aliment borcu qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərizndə icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən borclu Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(066)-1316/2018 saylı icra sənədinə əsasən onun protokolda göstərilən məbləğində aliment borcu yığılıb qalmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Hazırda Bakıda kirayədə yaşayır və Sumqayıtda fərdi qaydada fəhlə işləyir. Maddi imkanı ilə əlaqədar aliment borcunu ödəyə bilməmişdir. Ona vaxt verilərsə aliment borcunu bir hissəsi ödəyə bilər. Məhkəmədən bunları nəzəra alaraq güzəşt edilməsini xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərtib etdiyi inizbati xəta haqqında 28 iyun 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(066)- 1316/2018 saylı vərəqəsinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş, nəticədə onun tələbkar X3 12283 (on iki min iki yüz səksən üç) manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Göygöl Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(066)-1316/2018 saylı icra vərəqəsinə əsasən borclunun 12283 manat borcu qalmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə tam təsdiq olunmuş, düzgün olaraq onun əməli AR İXMnin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra qeydinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu borcunu ödəməmiş, ödənişlərindən qərəzli olaraq yayınmışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə onun yaşını və inzibati xəta törətməsini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini və qaçıb gizlənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inizbati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə AR İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 28 iyun 2024-cü il saat 16:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar