Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-129/2024 08.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, protokol tərtib edən şəxs Daşkəsən Rayon Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayon 20 yanvar küç, ev 2, mən 1-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhər narkoloji dispanserinə aparılaraq orada müayinə edilmişdir. Müayinə zamanı onun sidik analizində narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Daşkəsən Rayon Polis Şöbəsinin sahə rəisi X1 bildirmişdir ki, iki dəfə aparılmış tibbi müayinə zamanı Şəxs sidik nümunələrində narkotik vasitə aşkar olunmuşdur. Faktla əlaqədar Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan qərarın surəti barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün müvafiq bölməyə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf etməyərək izahatında göstərmişdir ki, o, hərbi qullluqçu olmuşdur. Xidmətdə olduğu dövrdə Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak etmişdir. “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. O, heç vaxt narkotik vasitə qəbul etməmişdir. Narkoloji dispanserdə ondan sidik analizi götürülmüşdür. Analizdə onun sidiyində narkotik vasitə aşkar olunmuş lakin o, buna etiraz etdiyi üçün təkrar analiz götürülmüş, yenidən sidiyində narkotik vasitə aşkar edilmişdir. Bir daha bildirir ki, o, narkotik vasitələrin istifadəçisi olmamışdır. Məhkəmə iclasında Şəxs vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bu əmələ görə ilk dəfə olaraq inzibati protokol tərtib edilmişdir. Həmçinin o, Vətən müharibəsi iştirakçısıdır. Vətən uğrunda gedən döyüşlərdə, həmçinin antiterror əməliyytlarında fəal iştirak etmişdir. Göstərilən xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin tərtib etdiyi “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli 1831/2024 nömrəli protokolun surətindən görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Daşkəsən Rayon Polis şöbəsinin müstəntiqinin xx.xx.2024-cü il tarixli qərarında göstərilir ki, toplanmış material üzrə Şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmamış, ona görə də toplanmış material üzrə həmin şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Lakin, onun narkotik vasitədən istifadə etməsi müəyyən edildiyindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Daşkəsən rayonu ərazisində saxlanıldıqdan sonra Gəncə şəhərində yerləşən tibb müəssisəsində tibbi müayinələrdən keçməsi nəticəsində onun analiz nümunələrində narkotik vasitənin aşkar olunması həmin şəxsin narkotik vasitədən istifadə etmiş olmasını təsdiq etmiş olur. Bu səbəbdən onun əməlində inzibati xətanın tərkib əlamətlərinin olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitədən istifadə etməsi və bununla da, həmin maddədə nəzərdə tutulmuş hüquqazidd sayılan və inzibati məsuliyyətə səbəb olan əməli törətmiş olması iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Ona görə də onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur, o, qeyd edilən inzibati xətanı törətmiş sayılır. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar mövcud deyildir. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etməsini onun şəxsiyyətini xarakretizə edən hallar kimi nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin tətbiqini kifayət sayır, həmçinin hesab edir ki, bu tənbehin tətbiqi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədlərini təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-129/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-129/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver