Məhkəmə qərarları › İş №3(030)-135/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-135/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-135/2024 24.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,fərdi əməklə məşğul olan (ət satışı ilə məşğul olan ), Daşkəsən rayonu A.Abdullayev küçəsi ev 5-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 17 iyul 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(030)-365/2015 saylı saylı icra vərəqəsi ilə əlaqədar olaraq borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 6800 manat borcu qalmışdır. Məhkəmə iclasında Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 28 sentyabr 2015ci il tarixli 2(066)-365/2015 saylı icra sənədinə əsasən borclu Şəxs 6800 (altı min səkkiz yüz) manat məbləğində borcu qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tələbkara lazımı qaydada məlumat verilsə o, məhkəmə iclaslarına təkrarən gəlməmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək Şəxs ona 6800 manat borcu olduğunu, həmin borcun ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə belə olan halda tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 28 sentyabr 2015-ci il tarixli 2(030)-365/2015 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs 10035 manat pul borcu olmuşdur. O, həmin pul vəsaitini tələbkara ödəmədiyi üçün inzibati və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ona cinayət işi başlanılan vaxt onun 7200 manat borcu olmuşdur. Ona yüngül cəza verilməsi üçün atası tələbkarla həmin borc üzrə 7200 manat məbləğində borc müqaviləsi bağlamışdır. Lakin, Zərərçəkmiş şəxs onları aldadaraq həmin pul vəsaitini həm ondan həmdə atasından tələb etmişdir. Atasının onun yerinə öhdəlik kimi götürüb tələbkarla bağladığı borc müqaviləsi üzrə 7200 manat pul vəsaitini onun atasının pensiyasından hər ay tutularaq ödənilmiş və onların Kəmaləddinə cəmi 2846 manat borcları qalmışdır. Əgər, Kəmaləddinə onun o qədar borcu vardısa Kəmaləddin bunu bilə-bilə niyə gedib onun atasına yenidən 7200 manat vermişdir?.. Ona görə də Kəmaləddinə əgər onun və atasını borcu varsa məhkəmə iclaslarına gəlməkdən niyə boyun qaçırır?. Ona görədə yuxarıda qeyd etdikləri xüsusatların nəzərə alınaraq qanunauyğun qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bu əmələ görə aparılmış araşdırmaların və sənədlərin düzgün qiymətləndirilmədiyindən şəxsin dedikləri üzrə qalan borclarının ödəməkdən yayınmadıqlarını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, oğlu Ramil ilə Kəmaləddin ət alveri edirmişlər. Oğlunun borcu olduğuna görə həbs oluna bilərdi, yüngül cəza verilməsi üçün isə Kəmaləddinin şikayətçi olmamalı idi. Ona görə də oğlunun 7200 manat borcunu öz üzərinə götürmüşdür. Sonra onlar notariusa getmiş və orada müqavilə bağlamışlar. O, borc müqaviləsinin oğlunun Kəmaləddinə olan borcunu ödəmək üçün bağlamışdır. Kəmaləddin isə onları aldadaraq həmin borc məbləğini həm ondan, həm də oğlundan tələb etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmurunu və şahidi dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(030)-365/2015 saylı saylı icra vərəqəsi ilə əlaqədar olaraq Şəxs Zərərçəkmiş şəxs ödəməli olduğu 10.035 (on min otuz beş) məbləğində pul vəsaitindən qalan 6935 manat pul vəsaitini vaxtında ödənilməmişdir. Borc ödənilmədiyindən Şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(030)-18/2017 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 20 faiz miqdarında pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş borc müqaviləsinin surətindən göründüyü kimi xx.xx.2017-ci il tarixdə borc verən Zərərçəkmiş şəxs ilə borc alan X7 arasında Daşkəsən rayon dövlət notariat kontorunda 7200 (yeddi min iki yüz) manat məbləğində kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə görə ödəniş xx.xx.2020-ci il tarixdə başa çatmalı olmuşdur. İşin hallarından göründüyü kimi, borclu Şəxs Zərərçəkmiş şəxs 6935 manat ödənilməmiş borcunun olduğu bir vəziyyətdə, Zərərçəkmiş şəxs tərəfindən borclunun atası X6 üç il müddətinə qaytarmaq şərti ilə 7200 manat məbləğində borc verməsi barədə müqavilə imzalanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və şahid kimi dindirilmiş X7 ifadələrində həmin müqaviləni zahirən mövcud hesab etməklə, həmin sənədi Şəxs borcunun atası tərəfindən ödəniləcəyini təsdiq edən razılaşma olduğunu bildirmişlər. Hazırda həmin müqavilə əsasında notariusun icra qeydi üzrə olan icra sənədi X4 pensiyasından tutma aparılmaqla icra edilməkdədir. Borclu Şəxs borcunun atasının pensiyasından tutulmaqla ödənilməkdə olmasını hesab etməsi onun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma hallarının olmamasını göstərir. Həmçinin, qanunvericiliyin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddsəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2 -ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibati xəta tərkibi olmadığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar