Məhkəmə qərarları › İş №3(030)-142/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-142/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-142/2025 16.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X22 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili (müdafiəçisi) X2 iştirakı ilə, xx.xx.1985-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən RPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən Rayon Mərkəzi X9 Yardım Şöbəsinin tibb bacısı X3 RPŞ-nin növbətçi hissəsinə məlumat verərək Şəxs sol qolun bazunun iç hissəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə həmin tarixdə xəstəxanaya müraciət etdiyini bildirmişdir. Qeyd olunan məlumat törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 340 sayla qeydiyyata alınaraq icrası Daşkəsən RPŞ-nin İQ-nun baş müstəntiqi, polis mayoru X13 həvalə olunmuşdur. Məlumat əsasında Daşkəsən RPŞ-nin İQ-nun baş müstəntiqi, polis mayoru X19 tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2025-ci il tarixdə X14 ilə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində mübahisələri olmuş və Şəxs yumuruqla ona zərbələr endirmişdir. Bundan sonra Qurbanov X10 rayon mərkəzi xəstəxanasına telefon vasitəsi ilə zəng edərək X14 tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. Sərxoş halda olduğu üçün hansı şəraitdə bıçaqlanması barədə məlumatı ətraflı verə bilməmişdir. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə gətirmişlər. Onun narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə xx.xx.2025-ci il tarixdə tibbi müayinədən keçmiş və Şəxs sidik nümunəsində amfetamin aşkar olunmuşdur. Bununla da, onlar barışdıqları üçün əməlində cinayət əlamətləri olmadığına görə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs narkotik vasitə ümumiyyətlə qəbul etmədiyini, qanında nə üçün narkotik vasitə qəbul etməyi ilə bağlı nümunə çıxdığını izah edə bilməmişdir. Əvvəlki məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X7 protokolda qeyd olunan xüsusatları təsdiq edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətmədiyini bildirərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə bıçaqla ona xəsarət yetirildiyi üçün kömək məqsədi ilə Daşkəsən Rayon Mərkəzi xəstəxanasına telefonla zəng etmişdir. Bundan sonra olanları dəqiq xatırlaya bilmir. Daşkəsən Rayon Polis Şöbəsinin müstəntiqi X19 onu Gəncə şəhərinə aparmış və ondan sidik analizin nümunəsi götürülmüşdür. Onun Gəncə şəhərinə aparılarkən analiz nümunəsi götürüləcəyini bilməmişdir. O, mütəmadi olaraq spirtli içki qəbul edir. Lakin heç vaxt narkotik vasitədən istifadə etməmişdir. O, həkim rəyi ilə razı olmadığından xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində Referans Klinikasına getmiş və orada ondan narkotik vasitə qəbul edib-etməmisi ilə əlaqədar analiz nümunəsi götürülmüşdür. Həmin analiz nümunəsində də narkotik vasitə istifadə etməsi öz təsdiqini tapmamışdır. Bir daha bildirir ki, o narkotik vasitə qəbul edən olmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili (müdafiəçisi) X5 hüquqlarını müdafiə etdiyi şəxsin narkotik vasitə istifadə etməsi iş materialları üzrə öz təsdiqini tapmır. Bundan başqa əvvəlki analiz nümunəsi ilə sonradan Şəxs Referans adlı özəl xəstəxanda verdiyi analiz nümunələrinin nəticələri arasında ziddiyət vardır. Hüquqlarını müdafiə etdiyi şəxsin narkotik vasitə qəbul etməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Şəxs narkotik vasitə istifadə etməsi, iş materiallarında öz əksini tapsada onun narkotik vasitə alüdəçisi olması və yaxud da narkotik vasitə istifadə etməsi öz təsdiqini tapmır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Referans” X6 xx.xx.2025-ci il tarixli 101526/12874 nömrəli laborotoriya müayinəsinin nəticəsindən görünür ki, müayinənin nəticəsi olaraq Şəxs narko test nümunəsi neqativ olmuşdur. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi ev 5, mənzil 15-də yaşayan Şəxs ilə Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan X15 arasında şəxsi münasibətlər zəminində Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisində yerləşən “Narzan” adlanan yerin yaxınlığındakı adsız fermada yaranmış mübahisə zamanı Şəxs X1 xəsarət yetirmək qərarına gələrək yumuruqla sonuncunun baş və alın nahiyələrinə zərbələr endirməklə X1 burunun yarası, başın sol alın nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişdir. Onlar rayon polis şöbəsinə getdikdən sonra narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə xx.xx.2025-ci il tarixxdə tibbi müayinədən keçirilmiş və Şəxs sidik nümunəsində amfetamin aşkar olunmuşdur. O, Daşkəsən rayon polis şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatı alınan zamanı Şəxs narkotik vasitə ümumiyyətlə qəbul etmədiyini, qanında nə üçün narkotik vasitə qəbul etməyi ilə bağlı nümunə çıxdığını izah edə bilməmişdir. Toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və (sidiyində narkotik vasitə aşkar olunduğundan onun hərəkətlərində cinayət əməlinin tərkib əlamətləri olmamış) onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqına qərarda və inzibati xəta haqqında protokolda şəxsin sidik nümunələrində amfetamin aşkar olunduğu qeyd edilmişdir. Lakin, inzibati xətanın predmeti kimi göstərilmiş amfetaminin narkotik vasitə və yaxud psixotrop maddə olması barədə heç bir izah verilməmişdir. Halbuki, şəxsin məsuliyyətə cəlb olunması üçün ilk növbədə inzibati xətanın predmeti kimi göstərilmiş həmin maddənin və ya vasitənin növü və xassələri tam müəyyən edilməklə protolda göstərilməlidir. Saxlanılan şəxs narkotik vasitə istifafadə etmədiyini bildirsə də, və o, həkim rəyi ilə razı olmasa da, nümunənin nəticəsinin ona məxsus olması onun iştirakı ilə sübuta yetirilməmişdir. Şəxs təkrar müayinəyə, zərurət olduqda narkoloji ekspertizaya aparılmamışdır. Şübhə və ehtimal doğuran hallar tam araşdırılmamışdır. Belə olan vəziyyətdə şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci mаddəsinə əsаsən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən (təqsirliliyi sübuta yetirilmədikdə) xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar