Məhkəmə qərarları › İş №3(030)-146/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-146/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-146/2024 16.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X19 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Gədəbəy rayonu Əlinağılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, döngə 3, mənzil 3, ev 19-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Daşkəsən rayon Polis Şöbəsinin inzibati binasında uca səslə ünvansız söyüşlər söymüş və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 510cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X6 protokolların məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə Daşkəsən rayon Polis Şöbəsinə getmiş, səs-küy salmış, polisin qanuni tələblərinə tabe olmamışdır. Hal-hazırda etdiyi əməldən son dərəcə peşmandır. İki uşağı vardır, həm də xəstədir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs iki uşağının olmasının və onun xəstə olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Daşkəsən rayon Polis Şöbəsində iş otağında olan zaman Şəxs otağa daxil olmuş, ictimai qaydalara zidd olaraq səs-küy salmış və uca səslə nalayiq ifadələr işlətmişdir. Şəxsə yaxınlaşdıqda onun spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğu məlum olmuşdur. Sonra Naməddinin alkotester müayinəsindən keçirilməsi barədə tapşırıq vermişdir. Alkotester müayinəsindən sonra Naməddinin sərxoş olduğu təsdiqini tapmışdır. Naməddini dəfələrlə nizam-intizama dəvət etsələrdə tabe olmamışdır. Bundan sonra raportla müraciət edərək onu növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Polis Şöbəsində 2 ay əvvəl yazılmış protokoldan şəxsin 102 xidmətinə etdiyi şikayəti aydınlaşdırmaq üçün onu Polis şöbəsinə dəvət etmişdir. Həmin gün axşam saatlarında xidməti otağında olarkən yan otaqdan səs-küy gəldiyini eşitmişdir. Səbəbini öyrənmək üçün yan otağa daxil olduqda Naməddinin orda səs-küy saldığını görmüşdür. Naməddin sərxoş vəziyyətdə Daşkəsən rayon Polis Şöbəsinə gələrək ona dəymiş ziyanın ödənilməsi üçün pul tələb etmişdir. Dəfələrlə sakitləşdirib nizam-intizama dəvət etsələr də faydası olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Daşkəsən şəhəri Heydər Əliyev prospektində xidmətdə olarkən Naməddinin idarə etdiyi VAZ 2102 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca hərəkət edən zaman avtomobilin Daşkəsən rayon Polis Şöbəsinin qarşısında yolun hərəkət hissəsində saxlayıb, qaçaraq polis şöbəsinə daxil olduğunu görmüşdür. Onun arxasınca getdikdə onun otağa daxil olaraq Yolçuyev Nemətdən şikayət edəcəyini, onun barəsində tərtib edilmiş protokolun ləğv olunmasını tələb edərək, səs-küy salmış ünvansız söyüşlər söyməyə başlamışdır. Alkotester müayinəsindən sonra sərxoş halda olduğu məlum olmuşdur. Dəfələrlə nizam-intizama dəvət etsələr də nəticəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında X10 otağına daxil olaraq səs-küy saldığı eşidərək ora gəlmiş və Naməddinin şikayətini geri çəkməyi üçün pul tələb etdiyini, nalayiq ifadələr işlətdiyini görmüşdür. Səbəbini öyrənmək üçün yan otağa daxil olduqda Naməddinin orda səs-küy saldığını görmüşdür. Dəfələrlə sakitləşdirib nizam-intizama dəvət etsələr də faydası olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə digər polis əməkdaşı Ağasıyev Daşqınla birlikdə Daşkəsən şəhəri Heydər Əliyev prospektində xidmətdə olarkən Naməddinin idarə etdiyi VAZ 2102 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca hərəkət edən zaman avtomobilin Daşkəsən rayon Polis Şöbəsinin qarşısında yolun hərəkət hissəsində saxlayıb, qaçaraq polis şöbəsinə daxil olduğunu görmüşdür. Onun arxasınca getdikdə onun otağa daxil olaraq Yolçuyev Nemətdən şikayət edəcəyini, onun barəsində tərtib edilmiş protokolun ləğv olunmasını, ona 3000 manat pulun ödənilməsini tələb edərək, səs-küy salmış ünvansız söyüşlər söyməyə başlamışdır. Alkotester müayinəsindən sonra sərxoş halda olduğu məlum olmuşdur. İşə əlavə olunmuş “CMS” elektron sisteminin çıxarışından görünür ki, X13 2-ci qrup əlildir. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xətalara görə tərtib edilmiş MN ******* və MN ******* nömrəli protokollar üzrə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs səmimi peşmançılığını və işin sair hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İXM-nın 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilərək inzibati cərimə olunsun. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdən saat 20:00-da inzibati qaydada tutulmuşdur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 510, 535.1, 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İXM-nın 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilərək, həmin məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Gəncə şəhər İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar