Məhkəmə qərarları › İş №3(030)-148/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-148/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-148/2024 20.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X6, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən ray, Daşkəsən şəh, İsmət Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində 103 xidmətinə zəng edərək, bədənində ağrılar olduğunu bildirmiş və təcili tibbi yardımından onu müayinədən keçməsi üçün Gəncə şəhər Xəstəxanasına aparmasını xahiş etmişdir. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının sürücüsü Bayraməliyev Arif və tibb bacısı Hüseynova Aynurə ilə birlikdə Turalı təcili tibbi yardım maşını ilə Gəncə şəhər Xəstəxanasına aparan zaman avtomobilin yavaş getməsini bildirərək tibb bacısı X1 ünvanına söyüşlər söymüşdür. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının tibb bacısı X4 şikayət ərizəsi ilə Daşkəsən rayon Polis Şöbəsinə müraciət etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etmiş sərxoş vəziyyətdə olmuşdur. Qabırğasında ağrılar olduğuna görə 103 xidmətinə zəng edərək onu müayinə üçün təcili tibbi yardım maşını ilə Gəncə şəhər Xəstəxanasına aparılmasını xahiş etmişdir. Təcili tibbi yardım maşını çox aşağı sürətlə hərəkət etdiyi üçün əsəbləşib nalayiq ifadələr işlətmişdir. Həmin vaxt kəskin ağrıları olduğundan belə etmişdir. Hal-hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin icraatında olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X9 oğlu Şəxs etdiyi əməldən peşman olmasını və zərərçəkmişin şikayətini geri götürdüyünü nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, Şəxs təcili tibbi yardım maşını ilə Daşkəsən rayon Polis Şöbəsinin qarşısından götürüb, Gəncə şəhər Xəstəxanasına getmək məqsədilə yola çıxmışlar. Yolda Şəxs avtomobili yavaş getdiyini bildirərək söyüşlər söyməyə başlamış və maşına yumruqla zərbələr endirmişdir. İşə əlavə olunmuş X1 ərizəsindən görünür ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin icraatında olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. AR İXM-nin 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi məqsədə uyğundur. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510- cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar