Məhkəmə qərarları › İş №3(030)-15/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-15/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-15/2025 15.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli 2(043)-3156/2018 saylı və 09 fevral 2017-ci il tarixli 2(043)-582/2017 saylı icra vərəqələri üzrə hər ay 270 manat məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarını üzürsüz səbəbdən icra etməmiş və nəticədə 2595 (iki min beş yüz doxsan beş) manat məbləğində aliment borcu qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs. Daşkəsən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 bildirmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli 2(043)-3156/2018 saylı və 09 fevral 2017-ci il tarixli 2(043)-582/2017 saylı icra vərəqələrinə əsasən borclu Şəxs hazırki vaxtadək 2595 (iki min beş yüz doxsan beş) manat məbləğində aliment borcu qalmışdır. Borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclu maddi vəziyyətinin aşağı olmasını və işləməməsini bahənə edərək aliment borcunu ödəməkdən yayınmışdır. Məhkəmə qərarını icra etmədiyi halda inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tələbkara olan aliment borcunu ödəməkdən məqsədli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən borclu Şəxs aliment borcunu ödəməkdən qəsdən yayındığını nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati izahatında göstərmişdir ki, məhkəmə qərarına əsasən ödəməli olduğu alimentdən 2595 manat ödənilməmiş borcu qalmışdır. Hazırda işləmədiyindən alimenti ödəyə bilmir. Hər ay hər uşağa 20 manat olmaqla, 40 manat aliment ödəyə bilər. Hərbi qulluqçu olarkən döyüş əməlliyatlarında kəllə beyin travması aldığından ordudan təxris olunmuşdur. Pensiya almaq istəmədiyindən bu barədə müvafiq təşkilata müraciət etməmişdir. Çünki, sağalmaq və işləmək istəyir. İşlə təmin olunarsa işləyib aliment borcundan ödənişlər edə bilər. Bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs səhhəti ilə əlaqədar işləyə bilməməsi səbəbindən aliment borcunu ödəyə bilməmiş və 2595 manat aliment borcu yaranmışdır. Məhkəmədən Şəxs psixoloji vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs aliment borcunu ödəmir. Özü isə, heç bir yerdə işləmir. Maddi imkanı ağır olduğundan uşaqlarına çox çətinliklə baxır. Hər iki uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. O, yaranmış olan aliment borcunun tam ödənilmədiyi halda Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərtib etdiyi inizbati xəta haqqında 13 yanvar 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli 2(043)-3156/2018 saylı və 09 fevral 2017-ci il tarixli 2(043)-582/2017 saylı icra vərəqələrinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş, eyni icra sənədi üzrə inzibati xətanı təkrar olaraq törətmiş nəticədə tələbkar Zərərçəkmiş şəxs 2595 manat məbləğində aliment borcu qalmışdır. İşə əlavə olunmuş xx.xx.2018-ci il tarixli və xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, Daşkəsən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası haqqında məlumat verilmişdir. İşə əlavə olunmuş 15 mart 2024-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra sənədi üzrə tələbi təmin etməsə onun barəsində AR İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin xəbərdarlıq məktubunu Şəxs xx.xx.2024-cü il tarixdə şəxsən imza etməklə qəbul etmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və tələbkarın izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun və tələbkarın izahatları, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə tam təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra edilməməsi məhkəmənin nüfuzuna xələl gətirirməklə yanaşı pozulmuş hüquqların bərpasını, vurulmuş ziyanın ödənilməsini mümkünsüz edir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşaqların maddi təminatının ödənilməsi barədə çıxarılmış məhkəmə qərarını icra etməmişdir. Hal-hazırda da həmin vəziyyət davam etməkdədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli 2(043)-3156/2018 saylı və 09 fevral 2017-ci il tarixli 2(043)-582/2017 saylı icra vərəqələri əsasən borclu ayda 270 manat ödəməli olduğu alimenti tam ödəmədiyindən onun bu vaxta qədər 2595 manat aliment borcu qalmışdır. Hər hansı bir üzürlü səbəblər olmadan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hər ay ödəməli olduğu borcu ödəməməklə məhkəmə qərarını üzürsüz səbəbdən davanlı olaraq icra etməməsini və ondan yayınmasını, həmçinin, onun əmək qabiliyyətli olmasını istisna edən halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Şəxsə inzibati tənbehin verilməsini istisna edən hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, habelə inzibati işin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inizbati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 15 yanvar 2025-ci il, saat 16:55-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar