Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-159/2023 19.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X4 iclas katibliyi, Daşkəsən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 198.3-cü maddəsi ilə tərtib olunmuş Daşkəsən rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edildiyi halda bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan X1 az ağır zərərin vurulmasına görə Daşkəsən rayon prokuroru Şahin İmanov tərəfindən başlanılmış xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar toplanmış materiallar ilə birlikdə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X5 bildirmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də işləyən zaman yük maşınının akkumulyatorunun əl tutacaq yerinin qırılması, sağ ayağının üst pəncə hissəsinə düşərək zədələməsi faktı əsasında X11 Xidməti tərəfindən araşdırma aparılmış, həmin material hüquqi qiymət verilməsi üçün Daşkəsən rayon prokurorluğuna göndərilmiş, Daşkəsən rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X2 tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında həmin qərara əsasən "xxxx" MMC-də mexanik vəzifəsində işləyən Şəxs texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsini yerinə yetirməmiş, nəticədə X1 az ağır zərər vurulmuş və bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Aparılmış araşdırma zamanı izahatı alınmış X9 izahatında göstərmişdir ki, 2022-ci ildə "xxxx" MMC-yə CV yazaraq işə qəbul olunmaq üçün müraciət etmişdir. Müraciəti qəbul olunmuş və ona imtahan keçirilmişdir. Müraciət edəndən sonra təxminən 15 gün sonra işləməyə başlamışdır. Təxminən üç ay "xxxx"MMC-də elektrik kimi işləmiş, "xxxx"MMC-də işlədiyi dövrdə hər gün işə başlamamışdan qabaq mexaniklər tərəfindən təlimatlandırılmışdır, həmçinin fərdi təhlükəsizlik vasitələri ilə təmin olunmuşdur. Belə ki, qoruyucu ayaqqabı, qoruyucu eynəklər, sənaye dəbilqələri, paltarları verilmiş, hər gün onlara əlcək və ağ konbinzonlar verilmişdir. İş qrafikası ay ərzində 15 gün iş saat 08:00-dan 20:00-dək idi və 15 gün isə istirahət günləri olmuşdur. İş günlərində səhər işə gələndə bütün işçilər düzülürdü və təlimat keçirilirdi daha sonra hansı texnikalarda nasazlıqlar varsa, əvvəlcədən mexaniklər işçiləri məlumatlandırır və kim hansı işləri görməlidilərsə işçilərə bildirirdilər. xx.xx.2022-ci il tarixdə mexanik Zamin tərəfindən təlimat verilmişdir və işə başlamışdırlar. Şirkətdə yük maşınlarının akkumulyatorları nasaz idi və tez-tez dəyişirdilər. Yeni akkumulyatorlar gələn kimi köhnələrlə əvəz edirdilər. Həmin gün saat təxminən 18:30 radələri olardı yük maşınının işə düşmədiyinə görə o, akkumulyatoru dəyişməli oldu. Digər işçilərin işləri çox idi deyə o, tək dəyişmək qərarına gəlmişdir. Akkumulyatoru çıxaran zaman tutacaq hissəsi qırıldı və akkumulyator ayağına düşdü. Ayağına düşən vaxt yerə oturdu. Sonra Rüfət onu görüb yaxınlaşmış, ondan nə olduğunu soruşanda isə Rüfətə akkumulyatorun ayağına düşdüyünü bildirmişdir. Ayaqqabını çıxaran zaman ayağının üst hissəsinin batıq olduğunu görmüş və işçilər ona köməklik edərək şirkətin təcili tibbi yardımına aparmışlar. Həkim ayağına baxaraq ilkin tibbi yardım göstərdi lakin rentgendən keçməli olduğunu bildirmişdir. Şirkətin tibb məntəqəsində olanda adını bilmədiyi SƏTƏMin nümayəndəsi ondan izahat verməyini tələb etmişdir. Sonra Gündüz adında işçinin maşını ilə Gəncə şəhərinə getmişdir və Gündüz onu evə düşürmüşdür. Bir az evdə qalandan sonra yeznsi Orxan ona xəstəxanaya getməyini məsləhət görmüş və yeznəsinin maşını ilə xəstəxanaya getmişdir. Xəstəxanada rentgen edildikdən sonra evə qayıtmışdır. Onun vəziyyəti ilə şirkət rəhbərliyindən, o cümlədən SƏTƏM-dən heç kim maraqlanmamışdır. Bütün tibb xərclərimi özü çəkmişdir. Ayağı zədəli olduğu halda ondan işə gəlməyi tələb edilmişdir. Bülletendə olan vaxt iki dəfə ondan şirkətin nümayəndələri, kadrlar şöbəsindən Ramin və SƏTƏM-in adını bilmədiyi nümayəndəsi eyni məzmunlu izahatlar götürmüşdür. İşdən öz ərizəsi ilə çıxmışdır. Belə ki, ayağı zədəli olduğu halda ondan işə gəlməyi tələb edildiyindən və maaşların vaxtında verilməməsi və ya hissə-hissə ödənildiyindən ərizə yazaraq öz istəyi ilə işdən çıxmışdır. Bundan başqa, Nazim Əsgərov izahatında göstərmişdir ki, 2022-ci ilin aprel ayından avqust ayınadək işləmiş, aylıq 600 manat əmək haqqı almışdır. Gündəlik 12 saat işləyirdi lakin ay ərzində 15 gün işləyirdi. Təhlükəsizlik texnikasının və əməyin mühafizəsi üzrə qaydaların tələbləri ilə gündəlik tanış olmuş və təhlükəsizlik jurnalını imzalamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə təhlükəsizlik texnikasının və əməyin mühafizəsi üzrə qaydaların tələbləri ilə tanış edilmişdir. Həmçinin onunla əmək müqaviləsinin bağlandığını və şikayət və ya tələbinin olmadığını bildirmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2017-ci ilin iyul ayından "xxxx" MMC-də işləyir. Əvvəllər çilingər kimi fəaliyyət göstərmiş, 2020-ci ildən isə nəqliyyat şöbəsinin mexaniki vəzifəsində işləyir. Funksiyası şirkətin texnikasının təmirinə nəzarət etməkdir. Belə ki, çilingərlərə göstərişlər verir ki, hər hansı texnikanın nasaz hissələrini təmir etsinlər. Mexanik kimi gündəlik işçilərə təhlükəsizlik təlimatları verir, o cümlədən fərdi mühafizə vasitələrindən istifadə qaydaları işçilərin nəzərinə çatdırır. Lakin təlimatlandırma SƏTƏM-in iş funksiyasıdır. Ona iş icraçısı kimi təlimat vermək səlahiyyəti verilibdir. Belə ki, onun vəzifə borcu texnikaların təmiri və nəzarətidir. Lakin mexaniklərə təlim keçirilmiş və sertifikat verilmişdir. Bundan sonra mexaniklər iş icraçısı kimi gündəlik təlimat verirlər. Şirkətdə beş nəfər mexanik vardır və təlimatları kimin iş növbəsinə düşürsə, həmin mexanik tərəfindən verilir. Nazim Əsgərovu tanıyır, onun iş növbəsinə düşən vaxtlarda Nazim onun tabeliyində olan elektrik idi. 2022-ci ilin iyul ayında Nazim xəsarət alanda onun yanında deyildi. Yük maşınının təmirindən sonra sürücü maşını işə salmaq istəyəndə işə düşməmiş, o isə Nazimə həmin yük maşınına baxması üçün göstəriş vermişdir. Nazim yük maşınına baxarkən onun akkumulyatorunun birinin zəif olduğunu görüb, akkumulyatoru dəyişmək istəyəndə həmin akkumulyatorun tutacaq hissəsi qırılaraq Nazimin ayağına düşmüşdü. O, orda ayrı çilingərləri yoxlayıb təsadüfən Nazimin təmir atdiyi yük maşınının yanına gələndə, Nazimin yerdə oturduğunu görmüşdür. Nazimdən nə olduğunu soruşanda ona akkumulyatoru dəyişmək istəyərkən tutacağının qırılıb ayağına düşdüyünü demişdir. O, dərhal Rüfət adında çilingəri çağırmış və Nazimi qarajada istirahət otağına aparmışdır. O, SƏTƏM-ə məlumat vermiş və ərazidə olan həkimi çağırmışdır. Həkim ilkin tibbi yardımı göstərmiş və rentgendən keçməli olduğunu bildirdi. Gündüz adında çilingərin maşını ilə Nazim Gəncə şəhərinə getdi. Axşam Nazimə zəng edib haləhvalını soruşanda ona xəstəxana getdiyini və rentgendən keçdiyini, ayağında çat olduğunu və gələn növbədən işə çıxacağını dedi. O, Nazimi Gəncəyə xəstəxanaya getməsi üçün göndərmişdir. İşdən çıxması barədə isə o, Nazimə zəng edəndə Nazim başqa iş tapdığını artıq işə gəlməyəcəyini demişdir. Bu hadisə baş verərkən Nazimin ayağında qoruyucu, ucu metaldan olan sənaye ayaqqabısı olmuş və o, həmin gün təlimatı vermişdir. Həmçinin Nazimin yanında akkumulyatorun daşınması üçün istifadə olunan yüngül mexaniki vasitə olan əl arabası olmuşdur. Bütün işçilərdə təlimat kitabını imzalamışdır. İşçilər akkumulyatoru əvvəlcə əl arabasına yükləyib sonra texnikaların yanına aparırlar. Akkumulyatorun çəkisi təxminən 25 kq olduğuna görə əl arabasına yükləmək üçün ancaq həmin akkumulyatorun tutacaq hissəsindən istifadə edirlər. Belə ki, digər üsulla onu əl arabasına yükləmək mümkün deyildir. Buna görə də orada olan akkumulyatorun yerdəyişməsi üçün mexanikləşdirilmiş üsuldan istifadə mümkün deyildir. Odur ki, məhkəmədən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, 2021-ci ildən "xxxx" MMC-də elektrik vəzifəsində işləyir. Nazim Əsgərovu tanıyır, onun iş növbəsinə düşən vaxtlarda Nazim onunla birlikdə elektrik idi. 2022-ci ilin iyul ayında Nazim xəsarət aldıqdan sonra onun yanına getmiş və kömək etmişdir. Nazimin ayağına düşən akkumulyatoru o da həmçinin digər elektriklərlə birlikdə əvvəlcə əl arabasına yükləyib sonra texnikaların yanına aparırlar. Akkumulyatorun çəkisi təxminəm 25 kq olduğuna görə əl arabasına yükləmək üçün ancaq həmin akkumulyatorun tutacaq hissəsindən istifadə edirlər. Belə ki, digər üsulla onu əl arabasına yükləmək mümkün deyildir. Buna görə də orada olan akkumulyatorun yerdəyişməsi üçün mexanikləşdirilmiş üsuldan istifadə mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 da eyni məzmunlu izahat verərək Şahid göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Daşkəsən rayon prokuroru, ədliyyə müşaviri Şahin İmanov tərəfindən Şəxs barəsində AR İXM 198.3-cü maddəsi ilə tərtib olunmuş 19 iyun 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Nəzakət Məmmədova 42A ünvanında yaşayan X6 xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də işləyən zaman yük maşınının akkumulyatorunun əl tutacaq yeri qırılmış, sağ ayağının üst pəncə hissəsinə düşərək zədələməsi faktı əsasında X11 Xidməti tərəfindən araşdırma aparılmış, həmin material hüquqi qiymət verilməsi üçün Daşkəsən rayon prokurorluğuna göndərilmiş, Daşkəsən rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X2 tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-də mexanik vəzifəsində işləyən Şəxs texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsini yerinə yetirməmiş, nəticədə X1 az ağır zərər vurulmuş və bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X8 publik hüquqi şəxsin Daşkəsən rayon şöbəsinin 45 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X6 məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə qeyd olunanlara əsasən məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində sağ ayaq pəncəsinin birinci daraq sümüyünün qapalı sınığı bərk küt əşyanın təsirindən törənib, törəmə müddəti xx.xx.2022-ci il tarixə uyğundur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir və iş zamanı akkumulyatorun ayağına düşməsi nəticəsində əmələ gəlməsi mümkündür. - Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 06 iyun 2023-cü il tarixli, 10/2541 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma və yüklərin daşınması işləri üçün texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə Təlimat”ın 3 bəndinin, “işçilərin əməyin mühafizəi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 Dövlət standartı”nın 4.4 bəndinin tələbləri pozulmuşdur. - İş sahəsində işə cəlb olunmuş X6 nəzəri bilik səviyyəsi yoxlamalarının aparılması təşkil edilmədiyinə görə, “işçilərin əməyin mühafizəi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”nün 4.4 bəndinin tələbi "xxxx" MMC-nin rəhbəri tərəfindən pozulmuşdur. - X3 tərəfindən “İveco Astra” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin akkumulyatorunun dəyişdirilməsi işi aparılarkən akkumulyatorun təhlükəsiz yerdəyişməsinin həyata keçirilməsi üçün mexanikiləşdirilmiş üsuldan və ya kiçik mexaniki vasitələrin istifadəsi təmin edilmədiyinə görə, “Yükləmə-boşaltma və yüklərin daşınması işləri üçün texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə Təlimat”ın 3 bəndinin tələbi, həmin işin görülməsinə göstəriş vermiş şəxs tərəfindən pozulmuşdur. - "xxxx" MMC-nin direktoru Tural İsgəndərov tərəfindən verilmiş 27 oktyabr İMX- 01/159-22 nömrəli məktubdan göründüyü kimi, hadisəyə səbəb olan akkumulyatorun çəkisi 40.3 kq təşkil edir. Məhkəmə Daşkəsən rayon prokurorunun böyük köməkçisinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şəxsin əməlində inzibati xətanın tərkibi olmadığına və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Yükləmə-boşaltma və yüklərin daşınması işləri üçün texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimat”nın (bundan sonra təlimatın) Ümumi müddəalarının 3-cü bəndində göstərilmişdir ki, yükləmə-boşaltma işləri bir qayda olaraq mexanikləşdirilmiş üsulla, cuzi həcmli işlər isə kiçik mexaniki vasitələrlə yerinə yetirilməlidir. Yükləmə-boşaltma işlərinin mexanikiləşdirilmiş üsulla çəkisi 50 kq-dan artıq olan və 3 metrdən artıq hündürlüyə qaldırılan yüklər üçün tətbiq edilir. Məhkəmə araşdırması və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X9 “İveco Astra” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin akkumulyatorunun dəyişdirilməsi işini apararkən akkumulyatorun tutacaq hissəsi qırılmış və akkumulyator sonuncunun ayağına düşmüşdür. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi akkumulyatorun çəkisi 50 kq-dan aşağı olmuş və akkumulyatorun çıxarıldığı yer isə 3 metrdən aşağı hündürlükdə olmuşdur. Həmçinin həmin akkumulyatoru daşımaq üçün kiçik mexaniki vasitə olan əl arabasında istifadə olunmuş, lakin akkumulyator həmin arabaya qoyulan zaman tutacaq hissəsinin qopması nəticəsində Nazim Əsgərovun ayağına düşmüşdür. Vəzifə təlimatlarında həmin akkumulyatoru yük avtomobilindən çıxarmaq üçün hər hansı mexaniki vasitədən istifadə edərək kiçik mexaniki vasitə olan əl arabasına daşınması nəzərdə tutulmamışdır. Belə ki, həmin yerdən akkumulyatorun çıxarılması yalnız fiziki güc hesabına tutacaqlardan istifadə nəticəsində mümkündür. Akkumulyatorun çəkisinin 40.3 kq olması və təlimatın 3-cü bəndində bir fəhlənin yükləmə-boşaltma işlərinin mexanikiləşdirilmiş üsulla çəkisi 50 kq-dan artıq olan və 3 metrdən artıq hündürlüyə qaldırılan yüklər üçün tətbiq edilməsi müddəasının olması həmin akkumulyatorun əl ilə oradan çıxarılmasını istisna etmir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və qərara əlavə edilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 06 iyun 2023-cü il tarixli, 10/2541 nömrəli rəyində X3 tərəfindən “İveco Astra” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin akkumulyatorunun dəyişdirilməsi işi aparılarkən akkumulyatorun təhlükəsiz yerdəyişməsinin həyata keçirilməsi üçün mexanikiləşdirilmiş üsuldan və ya kiçik mexaniki vasitələrin istifadəsi təmin edilmədiyinə görə, təlimatın 3-cü bəndinin tələbi, həmin işin görülməsinə göstəriş vermiş şəxs tərəfindən pozulduğu qeyd olunsa da, məhkəmə belə hesab edir ki, göstərilən təlimatın tələblərinin pozulması halı baş verməmişdir. Belə ki, akkumulyatorun çəkisinin 50 kq-dan, hündürlüyün isə 3 metrdən aşağı olması, eyni zamanda kiçik mexaniki vasitə olan əl arabasında istifadə edilməsi təlimatın 3-cü bəndinin tələblərinin pozulmadığını göstərir. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkibinin olması istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına AR İXM-nin 53.1.2-ci maddəsinə (inzibati xəta tərkibi olmadıqda) əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 106-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Daşkəsən rayon prokuroru Şahin İmanov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-159/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-159/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver