Məhkəmə qərarları › İş №3(030)-160/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-160/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-160/2024 09.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, xx.xx.1971-ci ildə Daşkəsən rayon Dardərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, evli, Daşkəsən rayon Əhmədli bələdiyyə sədri işləmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra İXM) 253-1.1.3 və 253-1.1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Daşkəsən rayon Əhmədli kənd bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 sentyabr 2024-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs, Daşkəsən rayon Əhmədli kənd bələdiyyəsinin sədri Quliyev X3 rayon, Əhmədli bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, bələdiyyələrin mülkiyyətində olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişiklər barədə məlumatlar isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-.1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş mövcud yaşıllıqların uçota alınmasına və ya kadastrının aparılmaması və 253-1.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Daşkəsən rayon Əhmədli bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 253-1.1.1-ci maddəsinə əsasən mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına və həmin məcəllənin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək, yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq, yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək, müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq, ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək bələdiyyələrin vəzifələrinə aiddir. “Yaşılllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 217 nömrəli Qərarına əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvar 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dən təsdiq edilərək kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Beləliklə, Quliyev X3 rayonu Əhmədli Bələdiyyəsinin sədri vəzifəsində işləməklə vəzifəli şəxs kimi bələdiyyə ərazisində yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanına yəni Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər il yanvar 1 nə ümumiləşdirərək, fevral ayının 20-də təsdiq edərək kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməli olduğu halda 2023-cü ilin fevral ayında həmin məlumatları təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Daşkəsən rayonu Əhmədli Bələdiyyəsinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də vəzifəli şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253- 1.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar