Məhkəmə qərarları › İş №3(030)-183/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-183/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-183/2025 04.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, S.Əbiyev küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)-303/2012 saylı icra vərəqəsi üzrə xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatları üçün bir uşağa hər ay 40 manat olmaqla cəmi 80 manat sabit pul məbləğində alimenti borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 4020 manat məbləğində aliment borcu yığılıb qalmışdır. Buna görə də, Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Daşkəsən Rayon Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)-303/2012 saylı icra vərəqəsinə əsasən borclu Şəxs hazırda 4020 manat məbləğində borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Şəxs Daşkəsən Rayon Məhkəməsinin 3(030)- 63/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs olunmuşdur. Bundan nəticə çıxarmayaraq eyni icra sənədi üzrə inzibati qaydada tənbeh olunduğu vaxtdan bir il ərzində eyni əsaslar üzrə inzibati xətanı təkrar törətmişdir. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, icra sənədi üzrə qeyd edilən aliment borcu mövcuddur. Buna görə son dəfə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətində inzibati həbs olunmuşdur. Bundan sonra 300 manat ödəniş etmişdir. Uşaqlarına əlavə olaraq pul verdiyi vaxtlar olmuşdur. Bu gün 60 manat ödəyə bilər, bundan sonra vaxt verilərsə hər ay ödənişlər edəcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Tələbkar şəxs Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlanılmışdır. O, borcun tam ödənilmədiyi halda Şəxs şikayətçi olacağını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)-303/2012 saylı icra sənədinə əsasən borclunun hazırda ödənilməmiş 4020 manat aliment borcu qalmışdır. İş üzrə Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inizbati xəta haqqında 04 avqust 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)-303/2012 saylı icra vərəqəsinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 4020 manat məbləğində aliment borcu qalmışdır. Daşkəsən Rayon Rayon Məhkəməsinin işə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli 3(030)-135/2022 nömrəli qərarının surətindən görünür ki, Şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olunmuşdur. Daşkəsən Rayon Rayon Məhkəməsinin işə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli 3(030)-265/2023 nömrəli qərarının surətindən görünür ki, Şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olunmuşdur. Daşkəsən Rayon Rayon Məhkəməsinin işə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli 3(030)-63/2025 nömrəli qərarının surətindən görünür ki, Şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs olunmuşdur. Göründüyü kimi Şəxs Daşkəsən Rayon Məhkəməsinin 3(030)-63/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs olunmuşdur. Həmin qərardan görünür ki, qərar çıxarılan tarixə onun 3900 manat aliment borcu olmuşdur. Lakin, həmin şəxs ona verilmiş inzibati tənbehdən nəticə çıxarmayaraq alimenti ödəmədiyindən borc məbləği artaraq xx.xx.2025ci il tarixədək 4020 (dörd min iyirmi) manat məbləğində olmuşdur. Bununla o, eyni icra sənədi üzrə inzibati qaydada tənbeh olunduğu vaxtdan bir il ərzində eyni əsaslar üzrə inzibati xətanı təkrar olaraq törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun məlumatları, inzibati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə tam təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini, ödəmədən yayınmasını və bununla da məhkəmə qərarını qərəzli olaraq icra etməməklə yanaşı uşaqların maddi təminatını daha da ağırlaşdırmasını nəzərə alaraq hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bilinib 16 (on altı) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 04 avqust 2025-ci il saat 16:35-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar