Məhkəmə qərarları › İş №3(030)-185/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-185/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-185/2023 15.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1463/2022 saylı icra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 100 manat sabit pul məbləğində alimenti borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 960 (doqquz yüz altmış) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1463/2022 saylı icra sənədinə əsasən borclu Şəxs protokol üzrə 960 manat məbləğində borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, yalnız sahə rəisinin köməkliyi ilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Qeyd edilənlərə əsasən borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1463/2022 saylı icra sənədinə əsasən Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin 07 avqust 2023cü il tarixli MN ******* saylı protokoluna əsasən onun 960 manat borcu yığılmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Fərdi əməklə məşğul olmaqla güclə dolanır. Məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərtib etdiyi inzibati xəta haqqında 07 avqust 2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)- 1463/2022 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 960 manat məbləğində aliment borcu yığılıb qalmışdır. İşə əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, X5 ona hal-hazırda 1160 manat məbləğində aliment borcu vardır, borcun ödənilməsi barədə inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1463/2022 saylı icra sənədinə əsasən borclunun Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərtib etdiyi inzibati xəta haqqında 07 avqust 2023-cü il tarixli MN ******* saylı protokol üzrə 960 manat borcu yığılıb qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, tələbkarın izahatı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli AR İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu borcunu ödəməmiş, ödənişlərindən qərəzli olaraq yayınmışdır. AR İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə onun yaşını və inzibati xəta törətməsini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, borclunun uzun müddət alimenti ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini və qaçıb gizlənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə AR İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 15 noyabr 2023-cü il saat 14:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar