Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-187/2024 28.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi ev 24B, mənzil 11-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Kərimov X6 rayon Məhkəməsinin 2(030)-679/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC-yə olan kredit borcunu ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara hal-hazırda 883 (səkkiz yüz səksən üç) manat məbləğində kredit borcu qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 bildirmişdir ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-679/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC-yə olan 883 (səkkiz yüz səksən üç) manat məbləğində kredit borcunu ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 izahatında bildirmişdir ki, borclu qətnamə çıxdığı vaxtdan indiyədək borcundan ödəniş etməmişdir. Borcun tam ödənilməsini əks halda borclu barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, İ Qarabağ müharibəsi iştirakçısı olmuşdur və İİ qrup müharibə əlilidir. Kredit götürən zaman İİ qrup əlilliyinə görə pensiya aldığını və halhazırda pensiyası dayandırıldığına görə kredit borcundan ödəniş edə bilmədiyini bildirmişdir. Əlilliyinə görə əmək qabiliyyəti yoxdur, işləyə bilmir. Psixi xəstəliyi var, buna görə xəstəxanada müalicələr alır. Maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmir, əliliyinin təyin olunaraq yenidən pensiya alması üçün müraciət etmiş, pensiya təyin olunduqdan sonra yaranmış kredit borcundan ödəniş edəcəyini bildirmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İ Qarabağ müharibəsi iştirakçısı olmuşdur və İİ qrup müharibə əlilidir, əmək qabiliyyəti yoxdur, işləyə bilmir, psixi xəstəliyi var, buna görə xəstəxanada müalicələr alır. Maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmir, yenidən pensiya alması üçün müraciət etmişdir. Pensiya təyin olunduqdan sonra yaranmış kredit borcundan ödəniş edəcəyini bildirmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan Çıxarışın surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə üzvi mənşəli şəxsiyyət pozğunluğu xəstəliyi müəyyən olunmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Nazirliyi Daşkəsən rayon Şöbəsi tərəfindən verilmiş 018860 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin, tələbkarın etibarnamə üzrə nümayəndəsinin və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin icra edilməməsi yalnız üzürsüz səbəbdən və qərəzli şəkildə olduqda qeyd edilən inzibati xətanın tərkibini yaradır. Bu kimi hallar hazırkı vəziyyətdə aşkar olunmur. Belə ki, İİ qrup müharibə əlili olduğuna görə onun tam əmək qabiliyyəti yoxdur, pensiyası dayandırılmış vəziyyətdədir. Səhhəti ilə bağlı müalicələr alır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-187/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-187/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver