Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-209/2025 05.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Daşkəsən rayon Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN2189537 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon ərazisində yerləşən kafelərin birində qumar oyunlarında iştirak etməsi, pul ilə qumar oynadığı polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon ərazisində kafedə Şəxs ilə X5 arasında bir oyun 5 manatdan olmaqla domino oyunu oynamışlar. Şəxs 5 manat uduzduqdan sonra həmin pul vəsaitini İlahım Bağırova verən zaman orada olan polis əməkdaşları tərəfindən saxlanılaraq gətirilib Daşkəsən Rayon Polis Şöbəsində növbətçi hissəyə təqdim edilmişdir. Bundan sonra təhqiqat orqanı tərəfindən araşdırılma aparılmış və şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd olunmuşdur. Təhqiqat zamanı aparılmış araşdırma materialı əsasında şəxsin əməlində inzibati xəta tərkibi mövcud olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş üzrə hər hansı şahid ifadələri alınmamışdır. Şəxs təhqiqat zamanı verdiyi ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu, Qaraqollar kəndindən Daşkəsən şəhərinə gələn zaman X7 kənd ərazisində yolun kənarında görmüş və avtomobili saxlayaraq onu da götürmüşüdür. Onlar rayonun mərkəzinə gəlmiş və ac olduqları üçün şirniyyat alıb kafedə çay içmək qərarına gəlmişlər. Çay gələnə kimi onlar domino oynamışlar. O, kafedə şirniyyat olmadığı üçün İlahıma 5 manat verərək kafenin yaxınlığında olan marketdən şirniyyat alıb gətirməsini xahiş etmişdir. Bu zaman polis əməkdaşları içəri daxil olmuş və onları qumar oynadıqlarını görə Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşına qumar oynamadığını bildirsə də, onlar polis şöbəsinə aparılmış və barəsində inzibati protokol tərtib edilmişdir. İfadəsinin sonunda o, savadsız olduğu üçün onun yerinə izahatını polis əməkdaşı yazmış, oxumadan imza atdığını, bildirərək məhkəmədən iş üzrə qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, polis əməkdaşları Şəxs və X3 qumar oyununda iştirak etdiklərini görüb onlardan Daşkəsən Rayon Polis Şöbəsinə aparın növbətçi hissəyə təhvil vermişlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyərək, inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri həmçinin təhqiqat zamanı aparılmış araşdırma materialını qarşılıqlı olaraq araşdırıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətanı törədilməsini təsdiq edən sübutlar - qumara qoyulmuş pul vəsaitləri, oynanılan domino daşları iş materiallarına əlavə edilməmiş, məhkəməyə təqdim olunmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəməyə Şəxs qumar oynamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında X8 Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2–ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə, iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hesab edir ki, şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 43, 53, 105, 111-112, 114-115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-209/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-209/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver