Məhkəmə qərarları › İş №3(030)-213/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-213/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-213/2023 13.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Daşkəsən Rayon Rayon Məhkəməsinə göndərilmişdir. Protokolun materiallarından görünür ki, Şəxs Daşkəsən rayon məhkəməsinin 2(030)-611/2022 saylı xx.xx.2023 tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra vərəqəsini üzürsüz səbəbdən icra etməmiş və tələbkarlar "xxxx" MMC-yə 1302 manat və "xxxx" QSC-yə olan 223 manat məbləğində borcu yığılıb qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən X4 bildirdi ki, Şəxs Daşkəsən rayon məhkəməsinin 2(030)-611/2022 saylı xx.xx.2023 tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Tələbkarlar "xxxx" MMC-yə 1302 manat borcu və protokolda "xxxx" QSC-yə 223 manat məbləğində borcu olduğu qeyd olunsa da, hal-hazırda "xxxx" QSC-yə 134 manat məbləğində borcu qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, Daşkəsən rayon məhkəməsinin 2(030)-611/2022 saylı xx.xx.2023 tarixli icra vərəqəsinə əsasən onun tələbkarlar "xxxx" MMC-yə 1302 manat və "xxxx" QSC-yə olan 223 manat məbləğində borcu olduğu qeyd edilsə də, hal-hazırda "xxxx" QSC-yə 134 manat məbləğində borcu qalmışdır. O, hal-hazırda "xxxx" QSC-yə olan borcundan 134 manat məbləğində ödəniş edərək borcunu tam olaraq ödəmişdir. "xxxx" MMC-yə olan borcundan isə 80 manat məbləğində ödəniş etmişdir. Borcunun geri qalan hissəsini hissəhissə hər ay ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Daşkəsən rayon məhkəməsinin 2(030)-611/2022 saylı xx.xx.2023 tarixli məhkəmə qətnaməsi qəbul olunduğu gündən borclu Şəxs 1302 manat borcundan ödəniş etməmişdir. Borcun tam ödəməsini əks təqdirdə, həbs növündə cəza tədbiri görülməsini xahiş etmişdir. İşə əlavə olunmuş "xxxx" QSC-nin nümayəndəsi X2 rayon İcra və Probasiya Şöbəsinə göndərdiyi ərizənin surətindən görünür ki, borclu Şəxs Daşkəsən rayon Məhkəməsinin 2(030)-437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" QSCyə olan borcunu xx.xx.2023-cü il tarixdə tam olaraq ödəmişdir, borclu barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tələbkar "xxxx" QSC-yə 134 manat və "xxxx" MMC-yə 80 manat məbləğlərində ödənişlər etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Odur ki, borclunun əməlində borcundan üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmişşəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2 -ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibati xəta tərkibi olmadığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51,53, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibati xəta tərkibi olmadığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar