Məhkəmə qərarları › İş №3(030)-220/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-220/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-220/2024 28.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən ray, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə “Daşkəsən rayonu ərazisində, ictimai yerdə uca səslə polis əməkdaşlarının ünvanına söyüşlər şöyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-220/2024 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə ictimai yerdə uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-221/2024 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-220/2024 saylı inzibati iş MN ******* saylı protokol üzrə 3(030)- 221/2024 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-220/2024 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində xidmətdə olan polis əməkdaşına yaxınlaşaraq, onu keçən dəfə polis şöbəsinə aparəlmasını irad tutaraq uca səslə nalayiq ifadələr işlətməyə başalmışdır. Şəxs nizam-intizama dəvət edilsədə, o, öz əməllərinə davam etdiyi üçün polis əməkdaşları tərəfindən Daşkəsən rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsinə gətirildikdən sonra da Şəxs əməllərinə davam etmiş və beləliklə Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində müvafiq protokollar tərtrib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə sərxoş halda olduğundan polis əməkdaşları ilə mübahisə etmişdir. Orada hər hansı nalayiq ifadə işlədibsə dəqiq xatırlamadığını bildirmişdir. Hazırda etdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Ona görə də Məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, Şəxs onun tərəfindən Polis şöbəsinə aparılmış və Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə 7 gün həbs edilmişdir. xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman Şəxs ona yaxınlaşaraq daha əvvəl baş vermiş hadisəni irad tutaraq onunla mübahisə yaratmağa başlamışdır. Mübahisə zamanı Şəxs sərxoş olmuş və onun ünvanına söyüş söyməyə başlamışdır. Digər polis nəfəri Cümşüdov Əli ilə onu nizam intizama dəvət etsədə heç bir nəticəsi olmamışdır. Ona görədə Şəxs Polis şöbəsinə aparmışlar. Lakin Polis şöbəsinə daxil olduqdan sonrada o, polis əməkdaşlarının ünvanına söyüşlər söyməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, xx.xx.2024 Daşkəsən rayon ərazisində rayon sakini Şəxs polis əməkdaşı Nəcbulla Allahverdiyevin ünvanına nalayiq söyüşlər söymüşdür. O, vətəndaşı nizam intizama dəvət etsədə, o, öz əməlinə davam etmişdir. Ona görədə onlar Şəxs Polis şöbəsinə aparmışlar. Lakin Polis şöbəsinə daxil olduqdan sonrada o, polis əməkdaşlarının ünvanına söyüşlər söyməyə davam etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20-də inzibati qaydada tutulmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs hərəkətləri ilə insanların və orada olan əməkdaşların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermişdir və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqında işə baxılmalıdır Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati tənbeh növündə inzibati cərimə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində inzibati xəta haqqında işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 60 (altmış) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar