Məhkəmə qərarları › İş №3(030)-239/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-239/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-239/2025 30.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Daşkəsən rayonu. Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü işləyən, Daşkəsən rayonu, Quşçu Körpüsü qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Daşkəsən rayon Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu, Quşçu körpüsü qəsəbə ərazisində yerləşən yarımtikildə qumar oynamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ailəlidir, iki azyaşlı uşağı var. Aylıq əmək haqqı 800 manat olmaqla sürücü işləyir. Həmin məbləğdən 200 manat hissəsini aliment ödəyir. İlk dəfədir ki, qumar oynayır. xx.xx.2025-ci il tarixdə dörd nəfər, Mürsəl, İlqar və Aslan ilə birlikdə Daşkəsən rayonu Quşçu Körpü qəsəbə ərazisində İlqara məxsus yarımtikilidə kartla qumar oynamışdırlar. Oyun üçün qoyduqları pul vəsaitini dəqiq xatırlamır. Qumar oynayarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları qumar oyunu üçün qoyulmuş pul vəsaitini və oyun kartlarını götürmüşdür. Hazırda əməlindən peşman olmuşdur. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Quşçu körpü qəsəbə ərazisində X2 yarımtikilidə pul müqabilində kart oyunu oynamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, qumar oyununda iştirak etmiş Şəxs barəsində cinayət işinin başlanılması rədd olunmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən tədbir görülməsi üçün Daşkəsən rayon polis şöbəsinin İTB-nin aidiyyəti əməkdaşına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, hadisə yerində oyun ləvazimatı olan oyun kartı və qumara qoyulmuş 85 manat pul vəsaiti iş üçün əhəmiyyətli olduğundan polis əməkdaşları tərəfindən qumar oyununda iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılması rədd olunması” haqqında qərardan görünür ki, şəxsin əməlində cinayət hadisəsi olmadığında cinayət işinin başlanılması rədd edilmiş və əməldə inzibati xəta tərkibi olduğundan baxılması üçün Daşkəsən rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, sadalananlara əsasən Şəxs inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.5) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, şəxs ona istinad edilən inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə edilməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin, ona 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Daşkəsən rayonu İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar