Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-249/2023 25.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədriliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, protokol tərtib edən orqanın nümayəndəsi Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.2001-ci ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Quşçu kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 329.1, 332.1 və 342.9-cu maddələri ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nın DYPB-nın YPX-nın baş inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 23 oktyabr 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan və təhlükəsizlik kəmərini bağlamadan idarə edilməsi, bundan başqa nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadə edilməsi hallarına yol vermişdir. Məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsi Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X2 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmış, yoxlama zaman nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmadığı və bundan başqa nəqliyyat vasitəsində xüsusi (çoxavazlı) səs siqnalının olması aşkar edilmişdir. Buna görə də, sürücü Şəxs nəqliyyat vasitəsilə birlikdə Daşkəsən RPŞ-nın müvəqqəti duracağına gətirlmiş və barəsində müvafiq protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, 20 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində idarə etdiyi «VAZ 21154 MİNİK» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektorları saxlayaraq xüsusi (çoxavazlı) səs siqnalından istifadə etdiyini ona bildirmişlər. Daha sonra onu Daşkəsən RPŞ-yə dəvət etmiş və özünün iştirakı ilə videoçəkiliş aparılmaqla səs siqnalları avtomobilindən sökülmüşdür. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil çıxışında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir. Odur ki, məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh növünü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı baxış keçirilmiş videogörüntüdən görünür ki, Şəxs idarə etdiyi «VAZ 21154 MİNİK» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsində yerləşən bamperin alt hissəsində kustar üsulla xüsusi (çoxavazlı) səs siqnalı və onun avadanlıqları quraşdırılmış, həmin səs siqnalı Daşkəsən RPŞ-nın DYPBnın YPX inspektorları tərəfindən dəvət edilmiş şəxs tərəfindən Şəxs iştirakı ilə akt tərtib olunmaqla sökülmüşdür. Məhkəmə nümayəndənin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçinin izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs inzibati xəta törətməsi onun özünün etirafı ilə yanaşı, 23 oktyabr 2023-cü il tarixdə Daşkəsən RPŞ-nın DYPB-nın YPX-nın baş inspektoru X1 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolla və işin digər halları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli AR İXM-nin 329.1, 332.1 və 342.9-cu maddələri ilə tövsif olunmuşdur. AR İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən törədilmiş xətanın xarakterini, əməlini etiraf etməsini və əməlindən peşman olmasını məsuliyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 43.1.-ci maddəsinə əsasən İXM-nın 342.9-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması rayon (şəhər) məhkəmələrinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın predmeti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Göründüyü kimi AR İXM-nın 43.1-ci maddəsinə əsasən İXM-nın 329.1 və 332.1-ci maddələri üzrə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin aidiyyəti deyildir. Buna görə də Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməllərə görə barəsində qərar qəbul edilməsi üçün inzibati işin materilları Daşkəsən RPŞ-nın DYPB-ya göndərilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın predmeti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməllərə görə barəsində qərar qəbul edilməsi üçün inzibati işin materilları Daşkəsən RPŞ-nın DYPB-ya göndərilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-249/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-249/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver