Məhkəmə qərarları › İş №3(030)-250/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-250/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-250/2025 03.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 30769638 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 30769638 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi Kamaz-65115 markalı **- FE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Goranboy rayon Səfikürd kəndindən gipsi Bakı şəhərinə daşımışdır. Yükü daşımazdan öncə onun maşını Goranboy rayon Səfikürd kəndində yükü götürdüyü yerdə, sonra isə Qobustan rayonunda və Bakı şəhərində yükü boşaltdığı zavodda çəkilmiş və ümumi çəkinin yəni yüklə birlikdə 41840 kq olması barədə ona rəsmi arayış verilmişdir. Lakin buna baxmayaraq Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi tərəfindən idarə etdiyi avtomobilin yüklü çəkisinin 45540 kq olması ilə əlaqədar onun barəsində inzibati xətanı təkrar törətməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 353.5ci madəsi ilə inzibati xəta haqqında elektron qərar tərtib edilərək 1200 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, elektron qərar düzgün yazılmamışdır. Belə ki, yüklərin götürüldüyü, yolda keçdiyi və boşaldıldığı müəssisə tərəfindən ona verilmiş arayışdakı, çəki ilə elektron qərarda göstərilən çəki arasında əsaslı fərq var. Ona görə də barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30769638 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Səbəb kimi yük avtomobilinin yüklə çəkisinin maksimum 42000 olmalı olduğu halda çəkisinin 45540 kq olması olmuşdur. İşdə olan 34968 saylı tərəzi qəbzindən görünür ki, **-FE-*** dövlət qeydiyyat nişanlı maşının boş çəkisi xx.xx.2025-ci il tarixdə, saat 22:25-də 14900 kq, yükün çəkisi isə 26940 kq olmaqla birlikdə dolu çəkisi cəmi 41840 kq olmuşdur. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 107250 qaimə sənədindən görünür ki, “Kamaz” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı yük maşının boş çəkisi xx.xx.2025-ci il tarixdə, saat 01:20-də 15160 kq, yükün çəkisi isə 26720 kq olmaqla birlikdə çəkisi cəmi 41880 kq olmuşdur. X3 şikayətində yükün olduğu vəziyyətdə tələb olunan yerə çatdırıldığını bildirsə də, bu barədə təqdim etdiyi sənədlərdən göründüyü kimi həmin hüquqi şəxslərin tərəzilərinin də çəki göstəriciləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, yük avtomobilinin boş çəkisində 260 kq artım, yükündə isə 220 kq azalmanın olması görünür ki, bu fakt da şikayətin dəlilləri ilə üst-üstə düşmür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 30769638 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Kamaz-65115 markalı **-FE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Ucar rayonu Alpout kəndindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən həmin hissədə quraşdırılmış elektron tərizidən keçən zaman çəkisi yüklə birlikdə dolu çəkisi 45540 kq olmuşdur. Göründüyü kimi, Kamaz-65115 markalı **-FE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin xx.xx.2025-ci il tarixdə, saat 22:25-də və saat 01:20-də yüklə birlikdə çəkisi barədə məlumatlar bir-biri ilə uyğunluq təşkil etmir. Həmçinin, yük göndərənin və yük qəbul edənin tərəzilərinin göstəricilərinin elektron tərəzidə göstəriləndən az olması barədə məlumatlar ilə, həmin avtomobilin Bakı şəhəri istiqamətində hərəkətdə olarkən xx.xx.2025ci il tarixdə, saat 16:32-də elektron tərəzidən keçən anda yüklə birlikdə çəkisinin 45540 kq olması barədə məlumatlar arasında zaman kəsiyi və məsafə hüdudları baxımından kifayət qədər fərqlər mövcuddur. Həmin məsafələr arasında və müddətlər daxilində yükün çəkisinin toxunulmaz və stabil qalmasını müəyyən edən sübutlar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş limitlər, xüsusilə iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla əlaqədar inzibati məsuliyyətə dair tələblər, Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VİQD nömrəli Qanunu ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi icraata başlamaq üçün əsasdır. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərar dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanıla bilər. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qeyd olunan maddələrdə göstərilmiş əsaslardan hər hansı biri hazırkı iş üzrə aşkar olunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. xx.xx.2025-ci il tarixli EQ 30769638 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar