Məhkəmə qərarları › İş №3(030)-260/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-260/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-260/2023 29.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X7, X3 iştirakı ilə, xx.xx.1974-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Daşkəsən rayon, Aşağı Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM-nın) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:56-da DİN-in “102 xidməti-zəng mərkəzi”nə zəng edərək Daşkəsən rayon Kobalt kəndi körpüsünün kənarında VAZ-2107 markalı **- CG-*** dövlət qeydiyyat nişanlı avtomaşının Mitsubishi L-200 markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmasını bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etməyərək yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs, X7 və zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirdiyinə görə Şəxs barəsində Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-in inzibati təcrübə üzrə inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallar ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Gəncə- Daşkəsən yolunun 30-cu km-də işıq yarımstansiyasının qarşısında Gəncə şəhərinə gedən istiqamətində hərəkətdə olan zaman yolun sola dönən hissəsində qarşısına ağ rəngli Mitsubishi L-200 markalı avtomobil yolun ona aid hissəsinə çıxmış və qarşı-qarşıya toqquşmuşdur. Avtomobildə arxa oturacaqlarda yoldaşı və qaynanası olmuşdur və qəza nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Məhkəmədən ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, qızının yoldaşı Şəxs idarə etdiyi VAZ-21074 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə yola düşmüşlər və o avtomobilin arxa sağ oturacağında oturmuşdur. Rəvanın idarə etdiyi avtomobil onların yoluna çıxaraq qarşı-qarşıya toqquşmuşlar. Hadisə zamanı baş və ağız nahiyələrindən xəsarətlər almışdır. Şikayəti yoxdur və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, yoldaşı Şəxs idarə etdiyi VAZ-21074 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə yola düşmüşlər və o avtomobilin arxa sol oturacağında oturmuşdur. Rəvanın idarə etdiyi avtomobil onların yoluna çıxaraq qarşı-qarşıya toqquşmuşlar. Hadisə zamanı boyun, ayaq, ağız və baş nahiyələrindən xəsarətlər almışdır. Şikayəti yoxdur və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “North-West Construction” şirkətində sahə mühəndisi vəzifəsində işləyir, şirkət tərəfindən etibarnamə ilə şirkətə məxsus Mitsubishi L-200 markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində sözügedən avtomobil ilə Gəncə şəhərindən işlədiyi Daşkəsən rayon ərazisinə yollanmış, Gəncə-Daşkəsən yolunun 30-cu km-də işıq yarımstansiyasının qarşısında yolun sağa sərt döngəli hissəsində sağa dönməyə başlamış, dönmə zamanı birqədər sol hissə ilə gendən dönmə etmiş, toqquşma baş verəcəyini hiss edəndə qəzadan qaçmağ üçün yolun sol hissəsinə keçib dayanmağı düşünmüş, lakin qarşıdan gələn avtomobilin sürücüsü istəyəndə o öz yoluna qayıtmaq istəmiş və avtomobili sağa yönəltmişdir. Bu zaman toqquşma baş vermiş və toqquşmadan sonra avtomobillər dayanmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın TQ-nın baş təhqiqatçısı, polis mayoru Samir Həsənovun 31 oktyabr 2023-cü tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsinə dair toplanmış materialda hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində AR İXM-nın 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Daşkəsən RPŞ-nın DYPB-nə göndərilmişdir. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın DYPB-nin baş inspektoru, polis kapitanı X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Daşkəsən RPŞ-nın TQ-nın baş təhqiqatçısı, polis mayoru Samir Həsənovun qərarı əsasında Şəxs barəsində İXM-nın 327.8-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.8ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində idarə etdiyi VAZ-2107 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə-Daşkəsən yolunun 30-cu km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etməyərək, AR İXM-nın 327.4-cü maddəsində nəzərdə tutulmuş manevr etmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, qəza nəticəsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs, X6 və X2 yüngül bədən xəsarəti yetirmişdir. Bununla da Şəxs AR İXM-nın 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. AR İXM-nin 327.8 maddəsinə əsasən həmin məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması aşkar edilməmişdir. Ona görə də, Şəxs barəsində AR İXM-nın 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslərlə barışmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə, ona 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 31, 40, 43, 48, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar