Məhkəmə qərarları › İş №3(030)-269/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-269/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-269/2025 16.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X19 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X9, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Daşkəsən rayonu Əmirvar-Əhmədli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Daşkəsən Rayon Polis şöbəsi tərəfindən 16 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kəndində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X9 oğlu protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu yerə yıxaraq baş nahiyəsindən təpiklə vuraraq xəsarət yetirmişdir. Mübahisəyə səbəb arvadının onun dediklərinə əməl etməməsi və uşaqların evdə səsküy salması olmuşdur. Evdə olan zaman uşaqlar səs-küy yaradanda tez əsəbiləşir və buna görə də nalayiq sözlər işlədir. Bu hərəkətlərə iki gün və daha əvvələr də də yol vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə həyat yoldaşı ilə yaşadıqları evdə süfrənin üzərinin təmiz olmaması ilə əlaqədar mübahisələri olmuşdur. O, ərinə uşaqların dərs çalışdığını özünün isə kürədə çörək bişirdiyini bildirərək süfrəni təmizləyəcəyini bildirmişdir. Lakin, əri onunla mübahisəni davam etdirmişdir. Onun yanından uzaqlaşmaq istəyərkən arxadan saçından tutaraq onu yerə yıxmışdır və yıxılmış vəziyyətdə olarakən Şəxs ayağı ilə onun baş nahiyəsinə zərbələr endirmiş və zərbələrdən onun başı qanamağa başlamışdır. Azyaşlı uşağı onun onun köməyinə gələrkən onun da köynəyi qana bulaşmışdır. Bundan sonra o, polisə məlumat vermişdir. Əvvələr də əri onu döydüyünə görə işə xx.xx.2025-ci il tarixdə məhkəmədə işə baxılarkən ondan şikayətçi olmamışdır. Lakin, buna baxmayaraq Xaləddin demək olar ki, hər gün evdə səbəbsiz yerə dava-dalaş salır, onu azyaşlı uşaqlarının yanında söyür və döyür, onu və azyaşlı qızlarını əxlaqsız adlandırır. O, 6 uşaq anasıdır. Onların hər biri azyaşlıdır. Uşaqları çətinliklə və əziyyətlə böyüdür. Buna baxmayaraq əri tərəfindən daim döyülür və təhqir olunur. Artıq bu hərəkətlərə dözə bilmir. Hazırda əri ilə barışmaq istəmir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın TQ-nun təhqiqatçısı, Rəmal Cavadovun 08 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqda qərarının surətindən görünür ki, cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Daşkəsən RPŞ-nın İTB-yə göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2025-ci il tarixli 133 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş-xəsarət-başın təpə nahiyyəsinin yarası bərk KÜT əşyanın təsirindən törənib, törəmə müddəti müayinə olunaının dediyi tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi mümkündür. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)- 258/2025 saylı qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döydüyünə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə işə baxılmışdır. Zərərçəkmiş şəxs Şəxs ilə barışdığına görə iş üzrə icraata xitam verilmişdir. İşə əlavə olunmuş Elektron Məhkəmə sistemindən əldə edilmiş şəxsin qohumluq məlumatları barədə məlumatdan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs birgə nikahından 6 uşaqları vardır: xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı ilə təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X3. Məhkəmə proses iştirakçılarının izahatlarını, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin izahatı və işin materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh ilə bağlı belə nəticəyə gəlir ki, inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi daşıyır. Şəxs bundan əvvəl də eyni şəxsə qarşı eyni inzibati xətanı törətmişdir. Lakin, zərərçəkmiş şəxs onunla barışdığına görə ona inzibati tənbeh verilməmişdir. Tərəflərin izahatlarından göründüyü kimi Şəxs zərərçəkmiş şəxsə qarşı qanunsuz hərkətlərini azyaşlı uşaqlaranın yanında törətmişdir. Məhkəmə inzibati xətaların xarakterini, onun törədilməsi hallarını, inzibati xətanı törədənin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq şəxsin barəsində inzibati qaydada həbs tənbeh növü seçilməlməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 106-118-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarix saat 17:00-dan hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar