Məhkəmə qərarları › İş №3(030)-281/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-281/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-281/2025 17.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Daşkəsən rayonu Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, işləməyən Daşkəsən rayonu Əhmədli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 12 noyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Daşkəsən Rayon Məhkəməsinin 2(030)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs 3820 (üç min səkkiz yüz iyirmi) manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 01 may 2009-cü ildə anadan olmuş X3, 18 iyul 2010-cu ildə anadan olmuş X5 və 18 mart 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs 23 yanvar 2024-cü il tarixdən hesablanmaqla 31 dekabr 2024-cü il tarixədək hər bir uşağa münasibətdə ölkə üzrə minumum əmək haqqının 20 misli həddində, 01 yanvar 2025-ci ildən başlayaraq ölkə üzrə minumum əmək haqqının 17 misli həddində alimentin (tələbkar) Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icra şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra vərəqəsinin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. 2025-ci ilin mart və aprel aylarında tələbkar tərəfindən aliment borcunun ödənilməsi tələb olunmuşdur. Aliment borcunun ödənilməsi ilə bağlı tələbkar tərəfindən aidiyyəti üzrə şikayət və tələblər olunmuşdur. Bundan sonra borclu icra şöbəsinə dəvət olunmuş və aliment borcunun ödənməsi barədə şifahi və yazlı xəbərdarlıqlar olunmuşdur. Borclunun icra şöbəsində izahatı alınan zaman aliment borcunu ödəməməyinə səbəb kimi işsiz olması və tələbkarla birgə yaşadıqları dövrdə qazandıqları əmlakdan ona düşəcək payı ala bilməməsini bildirmişdir. Hazırki vaxtadək borclu tərəfindən aliment borcundan heç bir ödəniş olunmamışdır. Ona görə də barəsində inzibati protokol tərtib olunmuşdur. Hazırda 3820 manat aliment borcu var. Borclunun birgə nikah dövründə əldə etdikləri hər hansı əmlakın olub-olmaması elektron icra sistemində yaranmış problelə əlaqədar yoxlamaq mümkün olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hazırda işləmədiyi və iş yeri əldə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Maddi cəhətdən çətinlik çəkir. Aliment borcunu ödəyə bilməməyinə səbəb işsiz olmasıdır. Tələbkarla birlikdə yaşadıqları müddətdə, birgə nikah dövründə 8 sot torpaq sahəsi almışlar. Həmin əmlakdan ona düşəcək pay hissəni verməmişdir. Hazırda işləmədiyi və qazanc əldə edə bilmədiyi üçün ona çatacaq əmlakla tələbkara olan aliment borcunun qarşılıqlı razlıq əsasında əvəzləşdirilməsini istəyir. Razlıq olmayacağı halda ona düşəcək torpaq sahəsini tələb edir. Həmin əmlaklar hesabına aliment borcundan ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, birgə nikah dövründə Göygöl rayonu Qızılca kəndində torpaq sahəsi almışlar. O, Şəxs çatacaq əmlakla yaranmış olan aliment borcunun qarşılıqlı razlıq əsasında əvəzləşdirilməsinə razı olmur. Maddi vəziyyəti aşağı olduğu üçün uşaqlara baxmaqda çətinlik çəkir. Odur ki, yarnmış olan aliment borcunun ödənilməsini tələb edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülməmişdir. Məhkəməyə daxil olmuş materiallarda Daşkəsən rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs Zərərçəkmiş şəxs birgə mülkiyyətində və ya şəxsin adına borcun yönəldilə biləcəyi ayrıca hər hansı bir əmlakın olması araşdırılmamış və bu barədə hər hansı məlumat mövcud deyil. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43.1.1-43.1.3-cü maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda həmin Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə təqdim olunmuş materiallardan görünür ki, borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar