Məhkəmə qərarları › İş №3(030)-41/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-41/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-41/2025 21.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.2001-ci ildə Daşkəsən rayon Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayon Əmirvar kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs inzibati cərimə olunmasına dair inzibati tənbeh tətbiq etmə haqqında Göygöl Rayon Məhkəməsinin 3(066)-370/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Belə ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 3(066)-370/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icra olunması üçün aidiyyati üzrə Daşkəsən rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Bayramov tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Göygöl Rayon Məhkəməsinin 3(066)-370/2024 saylı xx.xx.2024-cü nömrəli icra sənədinə əsasən işləmədiyinə görə heç ödəniş etməmişdir. İşə qəbulla bağlı müraciətlər etmiş, hazırda Daşkəsən rayon Su meliorasiya idarəsində maşinist kimi işə başlamışdır. Hissə-hissə olmaq şərti ilə icra sənədi üzrə borcunu ödəyəcəyini öz öhdəsinə götürür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs hazırda işə başlamışdır. Onun əməlində inzibati xətanın tərkibi yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən inzibati xəta haqqında protokola Daşkəsən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 3(066)-370/2024 saylı xx.xx.2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş MN ******* nömrəli 05 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 3(066)-370/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində İXMnin 529.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.2 -ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs işə qəbulla bağlı müraciətlər etməklə iş yeri əldə etmişdir. Müvafiq cərimənin tutulması məbləği onun qazancına yönəldilməklə məhkəmə qərarının icrası mümkün ola bilər. Odur ki, hazırkı vəziyyətdə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar