Məhkəmə qərarları › İş №3(030)-64/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-64/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-64/2025 07.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1977-ci ildə Daşkəsən rayonu, Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17-18 radələrində o, Daşkəsən rayon Polis Şöbəsinə gələrək polis şöbəsinin inzibati binasında səs-küy yaratmışdır. Şöbədə polislər onu nizam-intizama dəvət etsələrdə o buna məhəl qoymamışdır. İctimai qaydanı pozduğuna və polisin qanuni tələbini yerinə yetirmədiyinə görə barəsində inzibati protokol tərtib olunmuşdur. İnzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında polis şöbəsinə getmişdir. Ora getməsinin səbəbi oğlunun cərimə edilməsi ilə bağlı olmuşdur. Lakin, orada olarkən söyüş söyməmiş və heç bir qaydanı pozmamış dir. Peşmançılığı ora getməyinə görə olmuşdur. Ona görə də məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismindən dindirilən X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saxladığı sürücü içkili olmuşdur. Həmin sürücü cərimə edilmişdir. Onun atası Şəxs buna etiraz edərək Polis şöbəsinə gələrək orada səs-küy saldığı üçün növbətçi hissəyə məlumat vermişlər. O, növbətçi hissənin əməkdaşlarına qarşı hədə-qorxu gəlmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə saat təxminən 18:00 radələrində polis şöbəsinin inzibati binasında olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin həmin vaxt səs-küy salmadığı və polisin qanuni tələbinə tabe olmaması ilə bağlı hər hansı yetərli bir sübut növünün hazırda mövcud olmadığı görünür. O, şöbədə mübahisə etmişdir. İctimai qaydanı pozmamışdır. Polis əməkdaşlarına qarşı hər hansı bir müqavimət göstərməmiş və onların qanuni tələbinə tabe olmuşdur. Hazırki vəziyyətdə şəxsin təqsirliliyini sübuta yetirəcək hər hansı bir mötəbər sübüt olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki Şəxs oğlunun xx.xx.2025-ci tarixdə Daşkəsən rayon Polis Şöbəsində olan zaman ictimai qaydanı pozması və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmiş, həmçinin həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal isə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in, 35.1, 35.2, 40, 43, 48- 51, 53.0.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar