Məhkəmə qərarları › İş №3(030)-65/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-65/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-65/2024 16.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən rayon Yol patrul xidməti baş inspektoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müşfiq oğlunun iştirakı ilə, xx.xx.2002-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs Müşfiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 334.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, MÜƏYYƏNETDİ: Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs Müşfiq oğlunun xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsində «VAZ 2106 MİNİK» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozmaqla nəqliyyat vasitəsini idarə etdiyinə və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Daşkəsən rayon Yol patrul xidməti baş inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallar ilə birlikdə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən rayon Yol patrul xidməti baş inspektoru X2 izahatında göstərmişdir ki, Şəxs Müşfiq oğlu xx.xx.2024-cü il tarixdə saat 12 radələrində «VAZ 2106 MİNİK» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən spirtli içki qəbul etdiyinə şübhələr yarandığından Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsinin dağlıq ərazisində saxlanılmışdır. Həmin vaxt Şəxs Müşfiq oğlu maşından düşərək qaçmışdır. xx.xx.2024-cü il tarixdə o, Daşkəsən Rayon Polis Şöbəsinə könüllü olaraq gəlmişdir. Şəxs Müşfiq oğlu xx.xx.2024-cü il tarixdə alkotesterdən keçmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. Onun barəsində AR İXM-nın 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Müşfiq oğlunun barəsində tərtib olunmuş protokol düzgün tərtib olunmuşdur. Odur ki, məhkəmədən Şəxs Müşfiq oğlunun inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müşfiq oğlu izahatında göstərmişdir ki, 44 günlük Vətən Müharibəsi iştirakçısıdır. “Cəbrayılın azad edilməsinə görə” medalı ilə təltif olunmuşdur. Narahatlıqları olanda sakitləşmək üçün spirtli içki qəbul edir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində idarə etdiyi «VAZ 2106 MİNİK» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dostu X3 ilə birlikdə Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsinin dağlıq ərazisində tərkibində az miqdarda alkoqol olan spirtli içki qəbul etdikdən sonra iş dalınca Daşkəsən rayon Xoşbulaq kəndinə gedərkən, yolda yol polisləri tərəfində saxlanılmışdır. Sürücülük vəsiqəsi olmadığı üçün avtomobildən düşüb qaçmışdır. Sonrakı gün YPX əməkdaşları onu alkotestr vasitəsi ilə yoxlamışlar. Əməlindən peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, göstərilən xüsusatları nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam veriməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nın 96.3-cü maddəsinə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, Şəxs Müşfiq oğlu avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması qanunla müəyyən olunmuş qaydada yoxlanılmamış, ilk növbədə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırması və onun barəsində sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitənin tətbiq edilməsi barədə protokol tərtib edilməmişdir. Bununla da AR İXMnın 96.3-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100.1.8ci maddəsinə əsasən inzibati xəta haqqında protokola inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar daxil edilir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərtib olunmuş protokolda inzibati xətanın aşkarlanmasında istifadə olunan xüsusi texniki vasitə və göstəricisi barədə qeyd aparılmamışdır. Bununla da AR İXM-nın 81.3-cü və 100.1.8-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Şəxs Müşfiq oğlunun alkotester vasitəsi ilə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən isə hal şahidlərinin iştirakı barədə hər hansı bir qeyd aparılmamış, bununla da AR İXM-nın 69.2-ci maddəsinin tələbləri pozulmuşdur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi icraatında inzibati xəta haqqında material olan dövlət orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin hallarından göründüyü kimi Şəxs Müşfiq oğlu nəqliyyat vasitəsini idarə edən anda, onun sərxoş vəziyyətdə olmasının yoxlanılması mümkün olmamışdır. O,növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə alkotester vasitəsilə yoxlanımış və onun alkoqoldan istifadə olunması aşkar olunmuşdur. Halbuki, həmin şəxs növbəti günə qədər də spirtli içki qəbul edə bilərdi ki, işin bu halı avtomobili idarə edən zaman şəxsin sərxoş vəziyyətdə olmasını istisna edir. Beləliklə, AR İXM-nın 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. AR İXM-nın 334.2-ci maddəsinə əsasan həmin məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraat zamanı sübut edilməlidir. Gəncə şəhər BPİ-nin DYPŞnın inspektoru tərəfindən aparılmış inzibati xəta hadisəsi barədə icraat qanunda nəzərdə tutulmuş sübut etmə vasitələri ilə sübut olunmadığı üçün, habelə əldə edilmiş sübutlar prosessual pozuntulara yol verməklə əldə edildiyi üçün sübut əhəmiyyətini itirmiş hesab olunur və inzibati xəta törətmiş şəxsin təqsirsiz olması qənaətinə gəlməyə əsas verir. AR İXM-nın 96.2-ci maddəsində şəxsin sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılması imperativ norma kimi birbaşa göstərilmişdir. Lakin, bu qaydalara əməl edilmədən, şəxsin inzibati xəta haqqında protokola narazı olması barədə qeyd verməsi, xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadığını və tibbi müayinəyə aparılmasını tələb etməsinə baxmayaraq, alkotesterin nəticəsinə əsaslanaraq onun sərxoş olması qənaətinə gəlinməsi AR İXM-nin 96.2-ci maddəsinin tələblərinə zidd olmaqla aparılmış inzibati icraat zamanı şəxsin təqsirinin qanunla müəyyən edilmiş qaydada sübut edilmədiyini və onun əməlində AR İXM-nin 334.2-ci maddəsinin tərkibinin yaranması sübuta yetirilmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcələnin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, hımçinin xx.xx.2024-cü il tarixdə şəxsin sərxoş olması müəyyən edilmədiyindən habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Müşfiq oğlunun əməlində AR İXM-nin 334.2-ci madddəsinin tərkibinin olması qanuna müvafiq qaydada sübuta yetirilmədiyindən, AR İXM-nin 53.2-ci maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında işin icraatına AR İXM-nin 334.2-ci maddəsinə dair hissəsdə xitam verilməlidir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 106-114, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Müşfiq oğlunun AR İXM-nin 334.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar