Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-71/2025 19.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi 13-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 19 mart 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(044)-3104/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs tələbkar X1 9105 (doqquz min yüz beş) manat məbləğində aliment borcu qalmışdır. Bununla da, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(044)-3104/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 9860 manat məbləğində borcu olduğuna görə Daşkəsən Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(030)-103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Lakin, bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Onun hazırki vaxta 9105 manat aliment borcu qalmışdır. Qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu barəsində axtarış işi açılmışdır. Borclu axtarış ilə icra şöbəsinə gətirilmişdir. Borcluya icra şöbəsində yenidən borcunu ödəməyi təklif olunsa da o, ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən borclu barəsində qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun 9105 manat aliment borcu qalmışdır. Lakin onun daimi iş yeri yoxdur. Bakı şəhərində kirayədə yaşayır və orada xırda ticarətlə məşğul olmaqla dolanır. İkinci nikahdan bir azyaşlı uşağı vardır. O, qaçıb gizlənməmiş hər ay borcundan ödənişlər etmişdir. Vaxt verilərsə mart ayının sonlarında borcundan yenidən ödəniş edəcəkdir. Bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs hal-hazırda maddi imkanı ilə əlaqədar borcunu tam ödəyə bilməmişdir. Borcundan hər ay qismən ödənişlər etmişdir. Güzəşt edilərsə bundan sonra borcundan hər ay ödənişlər etməyi öhdəsinə götürür. Məhkəmədən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs tələbkara 9860 (doqquz min səkkiz yüz altmış) manat məbləğində ödənilməmiş qalan aliment borcu olduğundan Daşkəsən Rayon Məhkəməsinin 3(030)-103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs olunmuşdur. Lakin, həmin şəxs ona verilmiş inzibati tənbehdən nəticə çıxarmayaraq və məhkəmə qərarını icra etməyərək aliment üzrə borc məbləğinə münasibətdə çox cüzi miqdarda ödənişlər etmişdir. Göründüyü kimi onun xx.xx.2024-cü il tarixə 9860 (doqquz min səkkiz yüz altmış) manat məbləğində ödənilməmiş olan aliment borcundan hazırkı vaxtda 9105 (doqquz min yüz beş) manat məbləğdə borcu qalmışdır. Bununla da Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün qismən etirafı ilə yanaşı, icra məmurunun məlumatları, inzibati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə tam təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən təkrar olaraq icra etməməsini, ödəmədən yayınmasını və bununla da məhkəmə qərarını icra etməməklə yanaşı uşaqların maddi təminatını daha da ağırlaşdırmasını nəzərə alaraq hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inizbati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 16 (on altı) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 19 mart 2025-ci il saat 17:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-71/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-71/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver