Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-72/2024 17.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayon Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri Nizami rayonu, Asəf Zeynallı küçəsi ev 39-da qeydiyyatda olmaqla, Göygöl rayon Yeni Qızılca kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən Rayon Polis Şöbəsində olan zaman xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər edərək, uca səslə nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X3, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində içkili vəziyyətdə Daşkəsən rayon Polis şöbəsinə gəlmişdir. Lakin orada hər hansı kopudluğa, nalayiq ifadə yol verməmişdir. Əgər işlədibsə onun video-görüntüsü olardı. Gəlməkdə məqsədi tanışı Mehmana inzibati qaydada yazılan cərimə ilə bağlı olmuşdur. Polis şöbəsinə gələn zaman sərxoş olmuşdur. O, rəisin otağına girməmiş, girmək istəsədə onu qoymadıqlarını bildirmişdir. Məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin həmin vaxt içkili olmasına baxmayaraq o, nalayiq ifadələr işlətməmiş və söyüş söyməmişdir. Elnur Polis şöbəsinə Mehmanın cəriməsini ödəmək üçün getmişdir. Qeyd olunan xüsusatları nəzərə alıb məhkəmədən yüngül cəz təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, yazılmış protokolları təqdim etmək üçün şöbəyə gəlmişdir. Həmin vaxt Elnur və Mehman Polis şöbəsinə gəlmiş, orada onlara yaxınlaşıb təhqir etməyə başlamışdır. Onları sakitləşdirməyə çalışsalar da onlar buna məhəl qoymamışlar. Elnur polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Elnurun sərxoşluğu texniki vasitədən istifadə edərək müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, protokolları təqdim etmək üçün şöbəyə gəlmişdir. İş üzrə icraat aparılan şəxs Şəxs 17 aprel, saat 11-12 radələrində polis şöbəsində gəlmiş və səs-küy yaratmışdır. Onu dəfələrlə nizam-intizama dəvət etdiklərinə baxmaraq o, buna məhəl qoymamışdır. Elnur onlara qarşı nalayiq ifadələr işlətmişdir. Yaxın duranda onun içkili olduğunu his etmişdir. Onunla əvvəlcədən tanışlığı olmamışdır. Elnurun söyüş söyüb, nalayiq ifadələr işlətdiyi zaman başqa polis əməkdaşları da orada olmuşdur. Elnur orada ictimai qaydaı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, 17 aprel, saat 10-11 radələri olardı, Mehman və Elnur Polis şöbəsinə gəlmişdir. İçkili texnikanı idarə etdiyindən Mehman cərimə olunmuşdur. Mehman özü Elnur ilə birlikdə gəlmişdir. Elnur cəriməni polislərə ödətdirəcəyini bildirmişdir. Orada səs-küy salmışdır. Mehman rəisin otağında olan zaman Elnur qapını dəfələrlə açıb nalayiq ifadələr işlətmişdir. Qapının qarşısında söyüş söymüşdür. Polis şöbəsində onlardan başqa vətəndaşlar da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, xidməti otağında olan zaman Elnur nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onun səslərinə otaqdan çıxmışdır. Elnurun içkili olub-olmaması yoxlanılmışdır. Elnurun söyüş söyüb, nalayiq ifadələr işlətdiyi zaman başqa polis əməkdaşları da orada olmuşdur. Elnur orada ictimai qaydaı kobud surətdə pozmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli 04658 nömrəli alkotestr müayinəsinin surətindən görünür ki, Şəxs həmin vaxt sərxoş olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü tarixdə X2 zaman ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilir. Lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, həmin vaxt polis əməkdaşlarının Şəxs intizama dəvət etmələrinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdirməsi xırda xuliqanlıq prosesində baş vermişdir. Xırda xuliqanlıq hərəkətini qurtardıqdan sonra Elnur Orocov ərazi üzrə ictimai qaydanı mühafizə edən sahə rəisinin çağrışı ilə onun yanına getmişdir. Ona görə də onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-in 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və həmin məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab olunur. İnzibati xəta törətmiş şəxs Şəxs sərxoş vəziyyətdə olması və hərəkətləri dayandırmaq barədə polis işçilərinin tələblərinə baxmayaraq belə hərəkətləri davam etdirməsi məsuliyyətini ağırlaşdıran hallar hesab edilr. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 05 (beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən saat 20:52-dən hesablansın. Qərarın icrası Daşkəsən rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-72/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-72/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver