Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-74/2024 17.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1995-ci ildə Gədəbəy rayon Plankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayon Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü ildə Daşkəsən rayon Polis Şöbəsinin inzibati binasında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər edərək, uca səslə nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X2, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə traktoruna yazılan cərimənin əsasız olduğuna görə DİN-102 zəng xidmətinə zəng etmişdir. Sonra Elnur ilə birlikdə 17 aprel tarixində Daşkəsən rayon Polis Şöbəsinə getmişdir. Yol polisinin rəisi Eldar müəllimin otağında olublar və orada hər hansı nalayiq ifadələr işlətməmişdir. Sadəcə olaraq cərimənin əsassız yazıldığı üçün protokolu istəmişdir. Sərxoş vəziyyətdə olmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin nalayiq ifadələr işlətməmiş və söyüş söyməmişdir. Polis şöbəsində səs-küy yaratmamış polislərin ünvanına nalayiq söyüşlər söyməmişdir. Qeyd olunan xüsusatları nəzərə alıb məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Mehman Elnur ilə birlikdə Daşkəsən rayon Polis Şöbəsinin inzibati binasının icərisində söyüş söyürdülər. Elnur ilə birləşib iş fəaliyyətini dayandırmışdır. Onu bir neçə dəfə nizam-inztizama dəvət etmişdir, lakin yenə də söyüş söyməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, protokolları verib çıxarkən şöbənin içərisində onları təhqir etmişdir. Mehmanı Sakitləşdirməyə çalışsalar da faydası olmamış onu rəis otağına çağırdıqdan sonra sakitləşmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, protokolları verib çıxarkən şöbənin içərisində Elnur və Mehman onları təhqir edib, onları işdən çıxartdıracağını demişdir. Sakitləşdirməyə çalışsalar da faydası olmamış, ictimai qaydanı kobud surəttə pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Mehman Elnur ilə gəlmiş, başlarına oyun açacağını deyərək söyüşlər söyməyə başlamışdır. Polis işçilərinə qarşı nalayiq ifadələr işlətmişdir. Polis şöbəsinin içərisində nalayiq ifadələr işlətmiş söyüş söymüşdür. İctimai qaydanı pozmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü ildə Daşkəsən rayon Polis Şöbəsinin inzibati binasında ictimai qaydanı pozması və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, həmin vaxt polis əməkdaşları E.Ələkbərovu intizama dəvət etmələrinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdirməsi xırda xuliqanlıq prosesində baş vermişdir. Xırda xuliqanlıq hərəkətini qurtardıqdan sonra o, ərazi üzrə ictimai qaydanı mühafizə edən sahə rəisinin çağrışına getmişdir. Ona görə də onun əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-in 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur İnzibati xəta törətmiş şəxs Şəxs hərəkətləri dayandırmaq barədə tələblərə baxmayaraq davam etdirməsi məsuliyyətini ağırlaşdıran hal hesab edilr. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 05 (beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən saat 21:25-dən hesablansın. Qərarın icrası Daşkəsən rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-74/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-74/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver