Məhkəmə qərarları › İş №3(030)-76/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-76/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-76/2024 24.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Daşkəsən rayon Gədəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayon Gədəmiş kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Suqovşan kəndində X2 xəsarət yetirdiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Suqovşan kəndində X2 xəsarət yetirərək İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 protokolun məzmununa uyğun izahat bildirmişdir ki cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Quliyev Rasimlə barışmaq istəmiş lakin Quliyev Rasim bildirmişdir ki, Şəxs ona maddi xərcləri ödəyəcəyi halda onunla barışa bilər. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, Rasim Quliyevlə aralarında mübahisə olmuşdur. Rasim ona nalayiq ifadələr işlətmiş, onun alın nahiyəsinə yumuruqla vurmuş və ciynindən tutaraq çökəklik yerə yıxmış, yerə sıxaraq zərbələr endirdiyini bildirmişdir. Bu zaman o, özünü müdafiə etmək üçün onu itələmiş lakin Rasimin başının hara dəydiyini görməmiş ancaq əlini başına çəkəndə onun başının qanadığını görmüşdür. Hazırda Rasimlə barışmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismindən dindirilən X3 bildirmişdir ki, Əlyarla aralarında mübahisə olmuşdur. Əlyar ona xəsarət yetirmiş. başının iki yerindən dərin yaraları olmuşdur. Gəncə şəhərində müalicə almışdır. Müalicəsinə və dərmanlarına görə 700 manatdan artıq xərci olmuşdur. Polis şöbəsində aparılmış araşdırmadan narazıdır. Çünki onun aldığı xəsarət ağır olmuşdur. Araşdırmanın nəticəsi barədə qərardan məlumatsızdır. Aldığı xəsarətə görə çəkmiş olduğu xərclər ödənilmədiyindən Əlyarla barışa bilməyəcəyini bildirmişdir. Məhkəmə, protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb hesab edir ki, Şəxs barəsində protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs AR İXMnin 157-ci maddəsində göstərilən inzibati xətanı törətdikləri üçün onların inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərar alınmışdır. Həmin qərarda göstərilir ki, qərardan narazı olunduğu halda prokurorluğa və məhkəməyə şikayət vermək hüququ var. Hazırda iş üzrə zərərçəkmiç şəxs təhqiqatçının araşdırmasından narazı olduğunu və çıxarılmış qərardan məlumatsız olduğunu bildirmişdir. İş materiallarında təhqiqatçının qərarının təqdim edilməsi barədə sübut mövcud deyildir. Zərərçəkmiş şəxs həmin qərardan şikayət vermək hüququ vardır. Həmin qərar ləğv olunacağı halda hazırkı işə baxılması mümkünsüz olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.3, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar