Məhkəmə qərarları › İş №3(030)-83/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-83/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-83/2025 07.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli EQ 27118664 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli EQ 27118664 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli EQ 27118664 saylı inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qərar elektron qaydada yazılmışdır. Avtomobili o, idarə etmişdir. Gəncə Şəhər DYPX-nin əməkdaşı xx.xx.2025-ci il tarixdə Gəncə şəhərinin müşahidə kamerasını izləyərkən kameranın ekranından planşet vasitəsi ilə foto şəkil çəkmiş və onun əsasında elektron qərar yazılmışdır. Qərarın real vaxt rejimində tərtib olunmadığını və bununla bağlı hər hansı bir video görüntünün Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində mövcud olmadığını bildirmişdir. Həmçinin İXMnin 8.1-ci maddəsinin tələbləri pozulduğunu bildirmişdir. İnzibati xəta törətməsinə aid hər hansı bir video görüntünü ona təqdim edə bilməmişlər. Elektron qərar yazılan vaxt Gəncə şəhərində olub-olmadığını və qayda pozuntusu törətməsi dəqiq xatırlamır. Həmçinin İXMnin 8.1-ci maddəsinə sasən bunları bildirməyə borclu deyildir. Qərarın qanunsuz yazıldığını və real vaxt rejimində tərtib olunmadığını əsas gətirərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı Gəncə BPİ DYPŞ-nə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndə qismində hər hansı əməkdaş məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsinin tələblərinə uyğun olaraq işə Gəncə BPİ DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ 27118664 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 İXM-nın 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi qanunvericilikdə yol hərəkəti qaydaları əleyhinə olan, o cumlədəm İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların həm foto, həm də video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi aşkar edilmə üsulu müəyyən olunmuşdur. İşə əlavə edilmiş olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə məxsus 6511FE492BFCD25A nömrəli kamera ilə çəkilmiş 03 sayda foto şəkillərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:24-də VAZ 21150 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əks olunmuşdur. Həmin gün saat 18:03-də elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Azərbaycan Respublikasının İXM-nin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qeyd olunan əsaslardan hər hansı biri hazırkı iş üzrə aşkar olunmur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli EQ 27118664 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X3 barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin xx.xx.2025-ci il tarixli EQ 27118664 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar