Məhkəmə qərarları › İş №3(030)-9/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-9/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-9/2024 18.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1972-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Nizami küçəsi ev 18 mənzil 13-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 11 yanvar 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Daşkəsən RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 11 yanvar 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Daşkəsən rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-10/2024, MN ******* saylı protokol üzrə 3(030)-9/2024 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-9/2024 sayla baxışa təyin edilmişdir. Protokollarda qeyd edilir ki, Şəxs ictimai qaydanı pozaraq İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibini yaratmış və xırda xuliqanlıq hərəkətləri etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin, polis sahə rəisi X5 protokolların məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək bildirmişdir ki, Daşkəsən rayon Mərkəzi Xəstəxanasında heç bir səs-küy salmamışdır. Polisin qanuni tələblərinə tabe olmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X2 izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin izahatına uyğun olaraq o heç bir səs-küy salmadığını hər hansı xuliqanlıq hərəkətləri etmədiyini bildirmişdir. Polisin qanuni tələblərinə tabe olmuşdur. Bununla bağlı onun təqsirini sübuta yetirəcək dəlillər yoxdur. Buna görə də, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qanuna müvafiq qaydada sübuta yetirilməmişdir. Bələ ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, ictimai qayda dedikdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələr, həmçinin qanunvericiliklə müəyyən edilən qarşılıqlı və birgə yaşayış qaydalarının məcmusu başa düşülür. Protokola və ona əlavə olunmuş sənədlərə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməsinə dair heç bir sübut əlavə edilməmiş, polisin qanuni tələblərinə tabe olmamasını təsdiq edəcək hər hansı sübutlar əlavə olunmamışdır. Məhkəmə araşdırması zamanı da Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol verməsi və polisin qanuni tələblərinə tabe olmaması barədə heç bir sübut aşkar olunmamışdır. Belə olan halda Şəxs heç bir ictimai qaydanı pozmadığı, xırda xuliqanlıq hərəkətlərinə yol vermədiyi halda onun inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraat zamanı sübut edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 53.1 və 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs əməlində AR İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olması qanuna müvafiq qaydada sübuta yetirilmədiyindən, AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 53.0.2, 114, 128 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar