Məhkəmə qərarları › İş №3(030)-91/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-91/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-91/2025 22.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 24, mənzil 1-də qeydiyyatda olmaqla Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokollar üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə DİN-102 xidmətinə zəng edərək xəstəxanaya yerləşdirilməsini istəmişdir. Əməliyyat istintaq qrupunun əməkdaşları hadisə yerində olarkən sərxoş vəziyyətdə ünvanlı söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol, hadisə yerinə getmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-92/2025 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)- 91/2025 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-91/2025 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 izahatında göstərmişdir ki, Şəxs Məcid oğlu 700 qramlıq arağı yaşadığı evdə tək başına içdikdən sonra sərxoş vəziyyətdə olmuş və xx.xx.2025-ci il tarixdə axşam saatlarında DİN-102 xidmətinə zəng edərək yaşadığı evə xəstəxana işçilərinin gəlməyəcəyi halda adam öldürəcəyini bildirmişdir. DİN-102 xidmətindən daxil olmuş zəngə əsasən, polis əməkdaşları Daşkəsən rayonu Xoşbulaq kəndinə, Şəxs ünvanına yollanmışlar. Şəxs ünvanında olan zaman orada olmuş polis əməkdaşlarına qarşı tabesizlik göstərərək uca səslə ünvanlı-ünvansız nalayiq söyüşlər işlətmişdir. Onunla danışıqlar aparılmasına cəhd göstərlib, lakin o, polis əməkdaşlarının ünvanına söyüşlər söyərək, xırda xuliqanlıq hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları onu nizam-intizama və polisin qanuni tələblərinə tabe olmağa dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bir müddət sonra Daşkəsən RPŞ-nin növbətçi hissəsinə gətirilib və alkotestr müayinəsindən keçirilmişdir. O, ağır dərəcəli sərxoş olmuşdur. O, mütəmadi olaraq sərxoşluq edir, anası da ondan polis şöbəsinə şikayət etmişdir. Şəxs Məcid oğlu 102 və 103 zəng xidmətlərinə tez-tez səbəbsiz zənglər edir. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokollar tərtrib edilmişdir. Məhkəmədən inzibati tənbeh növündə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndində yaşadığı evdə olan vaxt yeddi manata aldığı 700 qramlıq arağı tək içdikdən sonra sərxoş olmuş və 102 zəng xidmətinə zəng etmişdir. Bundan əvvəllər də 102 və 103 xidmətlərinə zəngləri olmuşdur. Ağır sərxoş olduğundan bəzi şeyləri tam xatırlamır. Spirtli içkiləri tez-tez qəbul edir. Heç yerdə işləmir. Anası ilə birlikdə yaşayır. Anası hərbi hissələrin birində qabyuyan işləyir. Anasının gündəlik qazancı səkkiz manat təşkil edir. İşləmədiyi üçün içkinin pulun anasından alır. Həmin gün təkbaşına içdiyi 700 qramlıq arağı da 7 manata anasının pulu ilə almışdır. Etdiyi əməllərdən çox peşman olmuşdur. Bir də belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndində yaşayan Şəxs “103 xidməti-Zəng mərkəzi” zəng edərək xəstəxana işçilərinin onun yaşadığı evə gələrək onu xəstəxanaya yerləşdirmələrini istəmişdir. Bundan sonra “102 xidməti-Zəng mərkəzi”nə zəng edərək xəstəxana işçilərinin yaşadığı evə gəlməsini istəmiş, əks təqdirdə adam öldürəcəyini bildirmişdir. “102 xidməti-Zəng mərkəzi”ndən daxil olmuş məlumata əsasən əməliyyat-istintaq qrupunun əməkdaşları Ramiz Mazanov və Bəhmən Məmmədov ilə birlikdə həmin ünvana getmişlər. Şəxs yaşadığı ünvana çatdıqda Şəxs uca səslə onlara qarşı nalayiq söyüşlər söymüşdür. Şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndində yaşayan Şəxs “102 xidməti- Zəng mərkəzi”nə zəng edərək xəstəxana işçilərinin yaşadığı evə gəlməsini istəmiş, əkstəqdirdə adam öldürəcəyini bildirmişdir. “102 xidməti-Zəng mərkəzi”ndən daxil olmuş məlumata əsasən əməliyyat-istintaq qrupunun əməkdaşları Ramiz Mazanov və Fəhmin Məmmədov ilə birlikdə həmin ünvana getmişlər. Şəxs yaşadığı ünvana çatdıqda Şəxs uca səslə onlara qarşı nalayiq söyüşlər söymüşdür. Şəxs həmin vaxt ağır vəziyyətdə sərxoş olmuşdur. Onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Hətda onlar orada olduğu vaxtda “103 xidmətinə zəng edərək nalayiq ifadələr işlətmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli alkotester qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:39-da 2.705 promil dərəcə sərxoş olmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın X8 haqqında prokolundan görünür ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, xx.xx.2025-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(030)- 164/2020 saylı qərarının surətindən görünür ki, Şəxs sərxoş vəziyyətdə İXM-in 510 maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə cərimə növündə inzibati tənbeh olunmuşdur. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli Azərbaycan Respublikasının İXMnin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, “Polis haqqında” Qanun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin Şəxs öz hərəkətləri ilə insanların və orada olan əməkdaşların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuş, bununla da xırda xuliqnlıq hərəkətinə yol vermişdir və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin onların qanuni tələblərinə qəsdən tabe olmamamış hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla da Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xətalara görə tərtib edilmiş protokollar üzrə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025 il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində yaşadığı mənzildə olan zaman 700 qram araq içdikdən sonra DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək onun xəstəxanaya yerləşdirliməsini istəmiş, əks təqdirdə adam öldürəcəyini bildirmişdir. Çağrışla bağlı dərhal polis əməkdaşlar onun yaşadığı evə getmişlər. Polis əməkdaşları Şəxs yaşadığı ünvanda olan zaman o, sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, Şəxs Məcid oğlu əmək qabiliyyətli olmasına baxmayaraq heç bir yerdə işləmir, faydalı əməklə məşğul olmur. Özünü ağır dərəcəli sərxoş vəziyyətə gətirə biləcək həcmdə spirtli içki qəbul edərək Səhiyyə Nazirliyinin 103 və Daxili İşlər Nazirliyinin 102 xidmətinə səbəbsiz yerə zənglər etməklə həmin xidmətlərin normal iş ahənginə mane ola biləcək hərəkətlərə yol verir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs Məcid oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X8 müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Məcid oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən 535.1-ci maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 08 (səkkiz) gün müddətə inizbati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarix saat 22:00-dan hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar