Məhkəmə qərarları › İş №3(030)-94/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-94/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-94/2025 15.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 11:45 radələrində Bakı şəhəri ərazisində idarə etdiyi **-CM-*** dövlət qeydiyyat nişanlı, “Hyundai accent” markalı avtomobili ilə A.Zamanov küçəsindən Azadlıq prospektinə dönərkən yolda olan STOP nişanının tələbini gözləyərkən Azadlıq prospektindən gələn bir avtomobil ona yol verdiyi üçün o, həmin prospektə dönərkən yolun digər hissəsindən gələn nəqliyyat vasitəsini görməmiş və hərəkətdə olan BYD markalı avtomobil onun avtomobilini sağ buferindən vurmuşdur. Bundan sonra polisə məlumat vermiş, daha sonra hadisə yerinə gələn polis əməkdaşı onların sənədlərini götürüb səhər gün üçün onları idarəyə dəvət etmişdir. O, DYPİ-də olan zaman barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilərək, TP ******* nömrəli qərar qəbul edilmiş və onu 100 manat cərimə etmişər. Lakin o, hesab edir ki, İXM-nin 327.2-ci maddəsinin tələbini deyil İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuşdur. Odur ki, yazılmış Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib barəsində İXM-nin 327.1-ci maddəsi ilə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə səlahiyyətli orqana və şikayət vermiş şəxs X1 rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndə qismində hər hansı əməkdaş və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İXM-nın 133-cü maddəsinin tələblərinə uyğun olaraq işə səlahiyyətli orqanın və şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş foto şəkillərə baxış keçirən zaman da avtonəqliyyat vasitəsi ilə İXM-nin 327.2-ci maddəsində qeyd olunan yolayrıcını keçmə qaydalarının pozulduğu aşkar şəkildə görünür. Həmçinin şəxsin şikayətində qeyd etdiklərindən də məlum olur ki o, STOP nizamlayıcı nişanının tələbinə əməl etməmiş digər maşının ona yol verməsini əsas bilərək yolayrıcı keçmə qaydasını pozmuşdur. İşə əlavə edilmiş olan, 03 sayda foto şəkillərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, avtonəqliyyat vasitəsi ilə İXM-nin 327.2-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əks olunmuşdur. Odur ki, inzibati tənbeh düzgün olaraq həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya uyğun verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qeyd olunan əsaslardan hər hansı biri hazırkı iş üzrə aşkar olunmur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X3 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP7185030 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar