Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-96/2025 08.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 X3 tərəfindən Daşkəsən rayon Polis şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarından verilmiş şikayət üzrə Göygöl Rayon Məhkəməsindən Daşkəsən Rayon Məhkəməsinə göndərilmiş işə baxaraq, MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(066)-1/2025 nömrəli qərardadı ilə Daşkəsən RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət üzrə inzibati xəta haqqında iş baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsi hesab edir ki, şikayət üzrə işə Daşkəsən Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, inzibati xəta Daşkəsən rayonu ərazisində törədilmişdir. Cərimə növündə inzibati tənbeh vermə haqqında qərar Daşkəsən rayon Polis şöbəsi tərəfindən çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 yaşayış yeri Göygöl rayonu Hacıməlik kəndidir. Daşkəsən rayon Polis şöbəsinin inzibati tənbeh vermə haqqında qərarından şikayət verən şəxs öz yaşayış yeri üzrə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət verən şəxsin vəsatəti əsasında iş baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, inzibati xəta haqqında işə baxılarkən və yaxud həmin iş üzrə çıxarılmış qərara şikayət əsasında yenidən baxılarkən şəxsin vəsatəti əsasında işə inzibati xətanın törədildiyi yerin məhkəməsində baxılmasının mümkünlüyü qeyd edilməmişdir. “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Odur ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğundan iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmədir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 110,129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Daşkəsən RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarından verilmiş şikayət üzrə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-96/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-96/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver