Məhkəmə qərarları › İş №3(030)-98/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-98/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-98/2025 12.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayət vermiş şəxs X3 və Samux RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru X5 iştirakı ilə, Samux RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Samux RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. X3 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək idarə etdiyi Qazel markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dövlət qeydiyyat nişanları tam standartlara uyğun olmuş və tərəfindən avtomobildə heç bir dəyişiklik edilməmişdir. Odur ki, Samux RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı qərarının əsassız olduğu üçün ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, idarə etdiyi Qazel markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə yol patrul xidmətinin əməkdaşı tərəfindən Samux şəhərində saxlanılmışdır. Sabir adlı polis əməkdaşı avtomobilin yan hissələrinə əlavə avadanlıq kimi işıq cihazlarının quraşdırıldığından onu polis şöbəsinə aparmışdır. Polis şöbəsində ona avtomobilə əlavə avadanlıq quraşdırdığına görə 150 manat cərimə protokolu yazılmışdır. İnzibati protokola imza çəkməyəcəyi halda avtomobilin orada saxlanılacağını bildirdikləri üçün məcbur olub protokola imza çəkmişdir. Avtomobilin yan hissələrinə quraşdırdığı işıq cihazlarının qanunsuz olduğunu bilməmişdir. Avtomobil 2007ci il buraxılışı olsa da o, avtomobili 2008-ci ildə almışdır. Avtomobildə olan işıq cihazlarının köhnəldiyi üçün onların yerində yeni işıq cihazları quraşdırmışdır. Bundan başqa yük maşını tentli və protlu kimi sənəddə qeyd olunmuşdur. Tent yararsız halda olduğu üçün söküb yerinə taxta ilə port düzəltmişdir. Əlavə quraşdırdığı avadanlıqlarla bağlı heç bir icazə sənədi almamışdır. Qazel markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə quraşdırdığı avadanlıq qanunsuz olmamışdır. Məhkəmə iclasında Samux RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru X5 izahatında göstərmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə Samux şəhəri Heydər Əliyev prospektində avtomobil ilə manevr etmə qaydasını pozduğu üçün saxlanılmışdır. Həmin vaxt Qazel markalı yük avtomobilinə baxış keçirdən zaman avtomobilin dövlət qeydiyyat nişanın standartlara uyğun olmadığı müəyyən olunmuşdur. Həmçinin əlavə avadanlıq olaraq avtomobilin yan hissələrinə işıq cihazları və taxtadan düzəldilmiş port əlavə olunmuşdur. Pozuntulara yol verdiyi üçün üçün sürücü barəsində inzibati protokol tərtib olunmuşdur. Sürücü avtomobildə əlavə avadanlıq quraşdırdığını etiraf edərək protokolu imzalamışdır. Avtomobilə quraşdırılan əlavə avadanlığın qanuniliyinin yoxlanılması ilə bağlı ekspertiza keçirilmiş ekspertdə rəyində quraşdırılan avadanlığı qanunsuz olduğu öz əksini tapmışdır. İşlə bağlı sübut növlərini məhkəməyə təqdim edir. Məhkəmə iclasında Samux RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, X5 tərəfində məhkəməyə təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, X3 avtomobilə sonradan taxtadan port əlavə etmiş və yan hissələrinə əlavə işıq cihazları quraşdırmışdır. İşdə olan Samux RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, X4 xx.xx.2025-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Samux RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, polis serjantı X4 xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan, protokolu tərtib etmiş şəxs tərəfində məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktin surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş manevr etmə qaydasını pozduğu üçün saxlanılmış və saxlanılan vaxt avtomobilə əlavə avadanlıq quraşdırıldığı müəyyən olunmuşdur. Sürücünün razlığı ilə nəqliyyat vasitəsi polis şöbəsinin mühafizə olunan duracağına yerləşdirlimişdir. X3 həmin aktla razı olmuş və imza çəkmişdir. İşdə olan, protokolu tərtib etmiş şəxs tərəfində məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli Gəncə “Avtomotoservis və ticarət” müəssisəsinin rəyinin surətindən görünür ki, nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, kuzovunun sağ və sol yan hissələrinə hər tərəfdə 3 ədəd olmaqla cəmi 6 ədəd əlavə işıq cihazları quraşdırılmışdır.Həmin fanarlar digər hərəkətdə olan nəqliyyat vasitələrini çaşdırır (xüsusən də gecələr) və standarta uyğun olmayan həmin faralar istehsalçı tərəfindən nəzərdə tutulmayıb və konstruksiya pozuntusudur. Müdaxilədir. Məhkəmə qərardan şikayət verən şəxsin və protokol tərtib edən şəxsin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, X3 şikayətində və izahatında avtomobilə onun tərəfindən əlavə avadanlıq kimi işıq cihazlarını əvvəlki cihazların sıradan çıxması səbəbindən quraşdırdığını və kuzovuna taxtadan port əlavə etdiyi etiraf edir. Lakin, avtomobili həmin vəziyyətdə amış olduğunu bildirərək quraşdırılan avadanlıqların qanuni hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda qeyd olunan əsaslardan hər hansı biri hazırkı iş üzrə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında Samux RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunmasın. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.1.3 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 150 (iki yüz) manat məbləğində cərimə edilməsinə dair Samux RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar