Məhkəmə qərarları › İş №3(030)-99/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-99/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-99/2024 20.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X2, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyən etdi: Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X1 tərəfindən 20 may 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə protokolu nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və buna görə də məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin təhqiqatçısının 14 may 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 157-ci maddəsində göstərilən inzibati xətanı törətdiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-ya göndərilməsi qərar alınmışdır. Həmin qərarda göstərilir ki, qərardan narazı olunduğu halda şəxsin prokurorluğa və məhkəməyə şikayət vermək hüququ vardır. Qərarın surətinin xx.xx.2024-cü il tarixli məktubla tərəflərə göndərilmiş olması görünür. Bundan dörd gün sonra Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X1 tərəfindən 20 may 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İş materiallarında təhqiqatçının qərarının təqdim edilməsi barədə sübut mövcud deyildir. Hər bir halda şəxslərin həmin qərardan şikayət vermək hüququ olduğundan qərardan şikayət verilməsi üçün müəyyən müddət gözlənilməlidir. Belə ki, həmin qərar ləğv olunacağı halda hazırkı işə baxılması mümkünsüz olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.3, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda İXM-nın 100-cü maddəsində olan məlumatlar protokolda tam olaraq göstərilməmişdir. Qeyd olunan inzibati xətanın sanksiyasında həbs nəzərdə tutulduğundan həmin işə məhkəməyə daxil olduğu gündən gec olmayaraq baxılmalıdır. Yuxarıda göstərilən məlumatların qərarda öz əksini tapmaması nəticəsində işə nəinki dərhal baxılması, ümumiyyətlə məhkəmə baxışının təşkil edilməsi mümkün deyildir. Həmçinin Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X1 tərəfindən iş üzrə zəruri tədbirlər görülməmişdir. Belə ki, protokol məhkəməyə verilərkən təqsirləndirlən şəxs məhkəməyə gətirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar