Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-1/2024 08.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Qərardan şikayət verən şəxs X4, Qərardan şikayət verilən orqanın nümayəndəsi X1 iştirakı ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Uzunboyad bələdiyyəsi ərazisində X4 iştirakı və məlumatı olmadan xx.xx.2023-cü il tarixdə reyd keçirilərkən kənd ərazisində bərk məişət tullantılarının qalaqlanması faktının aşkarlanması ilə əlaqədar barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli protokolun tərtib edilməsi, həmin protokolun onun xəbəri və iştirakı olmadan tərtib olunduğu onun harada yazıldığının ona məlum olmaması, onun həmin protokolla tanış olmaması və imza etməməsi Uzunboyad bələdiyyəsi ərazisində və heç bir bələdiyyə torpağında məişət tullantılarının qalıqlanması faktının olmaması, zibil atılmış bəzi ərazilərinDövlət mülkiyyətinə aid torpaqlarda, Dəmir Yolunun qoruma zolağında, avtomobil yollarının mühafizə zolağı və su kallektorlarının qoruma zolağına aid olan torpaq sahələri olması, həmin torpaq sahələrinə də bələdiyyə tərəfindən müdaxilə edilməsinin yol verilməməsi, Xaçmaz Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-16-25/3-U-4~826/2023 saylı məktuba əsasən istər “Bələdiyyələrin statusu Haqqında”, istərsə də “İstehsalat və məişət tullantıları haqqında” Qanunlarda və digər qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə vəzifə qoyulmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında protokolun onun iştirakı olmadan tərtib olunduğunu, məişət tullantılarının yığıldığı iddia edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığını, hətta bələdiyyə torpağı olsa belə onların həmin ərazidən təmizlənməsinin bələdiyyənin səlahiyyətinə aid olmadığını bildirmiş, ona görə də xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Uzunboyad kənd sakini Bəylər Zamanovun şikayəti əsasında xx.xx.2023-cü il tarixdə araşdırma aparıldığı, kənd ərazisində müxtəlif yerlərdə bərk məişət tullantılarının qanunsuz olaraq qalaqlandığı, uzun müddət daşınmadan saxlanıldığı müəyyən edilmiş və bu barədə fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. Araşdırma zamanı bələdiyyə sədri iştirak etməmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə protokol tərtib olunmuş, daha sonra isə xx.xx.2023-cü il tarixli qərarla bələdiyyə sədri X6 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə 2000 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 həmin qərardan verdiyi şikayətin əsassız olduğunu, ona görə də rədd edilməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şabran rayonu Uzunboyad kənd sakini Bəylər Zamanovun bələdiyyə ərazisində tullantıların qanunsuz qalaqlanması barədə şikayəti əsasında araşdırma aparılmış, kənd ərazisində müxtəlif yerlərdə bərk məişət tullantılarının qanunsuz olaraq qalaqlandığı, uzun müddət daşınmadan saxlanıldığı müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şabran rayonu Uzunboyad bələdiyyəsinin ərazisində bərk məişət tullantıları ətraf mühitin tələblərinə əməl olunmadan qanunsuz olaraq qalaqlanmış, nəticədə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. - 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, işin xx.xx.2023-cü il tarixdə idarənin binasında saat 11:00-da baxılması üçün təyin edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rafiq Muradovun işin baxılmasında iştirak etmək üçün çağırılması qərara alınmışdır. - Xaçmaz Regional Ədliyyə İdarəsinin Uzunboyad bələdiyyəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mövcud qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə vəzifə qoyulmamışdır. - Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin Seyidlikəndyeri bələdiyyəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məişət tullantılarının yığılması, nəql edilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur, ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi tərəfindən İXM-nin 271-ci maddəsinə əsasən Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin vəzifəli şəxsinə tərtib edilmiş protokol qanuna uyğun deyil. Yuxarıda qərardan şikayət verən şəxs X4 izahatında qeyd edildiyi kimi inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, bu inzibati prosessual qanunvericiliyin kobud pozuntusudur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı vacibdir. Hazırki halda isə protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı təmin edilmədiyinə görə onun izahatının alınması mümkün olmamış, bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri, yəni bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavaasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 5-ci maddəsinin 18-ci abzasında tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 2-ci və 6-cı maddələrinə uyğun olaraq bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edə, yerli ekoloji proqramlar qəbul edə bilərlər. Məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər ekoloji proqramlara daxil edilə bilər. Lakin bu tədbirlər dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulmayan məsələlərə aiddir. Göründüyü kimi istər “Bələdiyyələrin statusu haqqında”, istərsə də “İstehsalat və məişət tullantıları haqqında” qanunlarda və digər qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Bu məsələlərin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. Bu hüququ bələdiyyələr maliyyə imkanlarına uyğun olaraq tərtib etdikləri ekoloji proqramlar çərçivəsində həyata keçirə bilərlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.7.3-cü yarımbəndində məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Qeyd olunan normadan da göründüyü kimi məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üçün tədbirlərin görülməsinin bələdiyyələr tərəfindən deyil, yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan vəzifələrin yerli icra hakimiyyəti orqanları tərəfindən özünüidarəetmə orqanı olan bələdiyyələrə, konkret olaraq Şabran rayonu Uzunboyad bələdiyyəsinə tapşırılması barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədi. Bundan başqa, oxşar iş üzrə Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsi Seyidlikəndyeri bələdiyyəsinə ünvanladığı məktubda qeyd etmişdir ki, heç bir qanunvericilik normasında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsi görə bələdiyyələrin üzərinə vəzifə qoyulmamışdır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya İdarəsi tərəfindən İXM-nin 271-ci maddəsinə əsasən Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin vəzifəli şəxsinə tərtib edilmiş protokol qanuna uyğun deyil. Göründüyü kimi oxşar iş üzrə mövcud təcrübədə bələdiyyənin vəzifəli şəxsi barəsində İXM-nin 271-ci maddəsi ilə tərtib edilmiş protokolun qanunvericiliyə uyğun olmaması barədə Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsi tərəfindən müvafiq rəy verilmişdir. Qeyd olunanlardan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda məişət tullantılarının Uzunboyad bələdiyyəsinin ərazisində qalaqlandığı qeyd edilsə də, həmin ərazinin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində olması barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikasının İXM-nə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İXM-nin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1.); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2.); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3.); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4.); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İXM-nin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5.); Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1.); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6.). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır. Beləliklə, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və Şabran rayonu Uzunboyad bələdiyyəsinin sədri X6 barəsində Azərbaycan Respublikasının İXMnin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-1/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-1/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver