Məhkəmə qərarları › İş №3(031)-1/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-1/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-1/2025 14.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Adıgözəl oğlunun iştirakları ilə, X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X8 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X8 yuxarıda qeyd edilmiş şikayəti onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədri vəzifəsində çalışır. Onun barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə Adıgözəl oğlu tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokolda göstərilmişdir ki, idarənin xx.xx.2024-cü il tarixli, Ç-M9/4424-117 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbləri icra olunmaması nəticəsində X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. O, həmin inzibati xəta haqqında protokolun əsassız olduğuna görə protokolu imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə qərara alınmışdır ki, vəzifəli şəxs X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 25 (iyirmi beş) gün müddət müəyyən olunsun. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarda göstərilir ki, Şabran rayonunun Ağalıq bələdiyyəsi ərazisində aşkar olunan tullantıların daşınmasının təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 117 nömrəli “məcburi göstərişin” tələbini yerinə yetirilməmiş, nəticədə X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, Ç-M9/4424- 117 saylı məktubuna əsasən Şabran rayonunun Ağalıq bələdiyyəsinin üzərinə tələblər qoyulmuş ərazilərin Şabran rayonu, Ağalıq bələdiyyəsinin mülkiyyətinə heç bir aidiyyəti yoxdur. Tullantılar atılmış quyular Bakı-Rusiya avtomobil yolunun mühafizə zolağında yerləşir. Məişət tullantılarının atıldığı yerlər Şabran rayonunun Ağalıq bələdiyyəsinin mülkiyyətinə aid olmayan torpaq sahələri olmaqla yanaşı, qanunvericiliklə məişət tullantılarının yığılması və daşınması bələdiyyələrin səlahiyyətində deyildir. Belə ki, Tullantılar haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qanunvericilikdə məişət tullantılarının yığılması və daşınması ilə bağlı bələdiyyələrin üzərinə birbaşa vəzifə qoyulmamışdır. “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.9-cu bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi, tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kimi göstərilmişdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin tələblərindən bir daha aydın olur ki, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri ilə bağlı yerli ekoloji proqramlar bələdiyyələrin maliyyə imkanlarına uyğun olaraq nəzərdə tutula bilər, məişət tulantılarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyildir. Həmçinin, xx.xx.2024-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə Adıgözəl oğlu X6 zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş, X8 onunla görüşən zaman, məişət tullantılarının atıldığı yerlərin Şabran rayonunun Ağalıq bələdiyyəsinin mülkiyyətinə aid olmayan torpaq sahələri olmaqla, qanunvericiliklə məişət tullantılarının yığılmasının və daşınmasının bələdiyyənin səlahiyyətində olmadığını ona izah etmişdir. X2 Məcidova bildirmişdir ki, göstərilən məsələnin bələdiyyənin səlahiyyətlərinə aid olmamasına baxmayaraq, həmin problemin həll edilməsinə köməklik göstərməyə razıdır. Bununla yanaşı X8 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbər şəxsləri ilə də əlaqə saxlayaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın əsasız olduğunu onların nəzərlərinə çatdırmış və onlar da onunla razılaşaraq, onun barəsində gələcəkdə cərimənin tətbiq edilməyəcəyini bildirmişlər. xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Ağalıq kəndində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X3, Ağalıq bələdiyyəsinin bələdiyyə üzvlərinin və qulluqçuların, Ağalıq İnzibati Ərazi Dairəsinin, Ağalıq kənd tam orta məktəbinin, Ağalıq kənd sahə xəstəxanasının, Ağalıq kənd uşaq bağçasının, Şabran rayon Yaşıllaşdırma və Təmizlik İdarəsinin əməkdaşlarının iştirakları ilə genişmiqyaslı iməclik keçirilmiş, iməclik zamanı ərazilər məişət tullantılarından, bərk və yad cisimlərdən tamamilə təmizlənmiş, görülən işlər barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli, 130 nömrəli məktubla rəsmi qaydada məlumat verilmişdir. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 xx.xx.2024-cü il tarixli bildiriş və ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb məktubu göndərilmiş və sözü gedən bildirişdə göstərilmişdir ki, aparılan yoxlama zamanı hüquqpozma aradan qaldırılmadığından inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Qeyd etdiyi kimi onun hərəkətlərimdə inzibati xəta tərkibi olmamışdır. Ona cərimə hesablanması qanunsuz və əsassızdır. Bu səbəbdən də X8 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X8 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin olunmasını və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Adıgözəl oğlu məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədri X1 rayonunun Ağalıq bələdiyyəsinin ərazisində aşkar olunmuş tullantıların daşınmasının təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli, 117 nömrəli məcburi göstərişin tələbini yerinə yetirmədi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və şərti olaraq barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X4 həmin qərardan verdiyi şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin rədd edilməsini, sözü gedən qərarın isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ləğv edilərək qərardan şikayət verən şəxs X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 54-1 saylı vəsiqədən görünür ki, X1 rayonunun Ağalıq bələdiyyəsinin sədridir. - xx.xx.2024-cü il tarixli, Ç-MG/4424-117 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbdən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 85815 nömrəli aktda əsasən Şabran rayonunun ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı X8 tərəfindən Şabran rayonunun Ağalıq kəndi bələdiyyəsi ərazisində, Bakı-Rusiya Avtomobil yolunun şərq tərəfində yol boyunca müxtəlif məsafələrdə traktorla quyular qazıldığı və həmin quyulara məişət tullantılarının atıldığı, quyuların ətrafında tullantıların səpələndiyi, bundan əlavə Udulu kəndində gedən küçədə böyük həcmdə qalaqlanmamış və səpələnmiş tullantılar aşkar edildiyindən, X6 15 (on beş) gün müddətində ərazini tullantılardan təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması, 30 (otuz gün) müddətində əraziyə tullantıların atılması üçün xüsusi tutumların qoyulması və 15 (on beş) gün müddətində bələdiyyənin xidməti ərazisinə nəzarətin gücləndirilməsi, 30 (otuz) gün müddətində əhalinin məişətində formalaşan bərk məişət tullantılarının toplanılması, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi işlərinin aparılaraq görülmüş işlər barədə idarəyə məlumat verilməsi, 30 (otuz) gün müddətində məişət tullantılarının mövcud qaydalara uyğun idarə olunması üçün əhali arasında maarifləndirici söhbətlərin aparılması və 15 (on beş) gün müddətində ətraf mühitin mühafizəsi qanunveriliyinin tələblərinə riayət olunmasından ibarət tapşırıqlar verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Nümayəndə Adıgözəl oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, Ç-MG/4424-117 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbinin icra edilməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədri X1 rayonunun Ağalıq bələdiyyəsinin ərazisində aşkar olunmuş tullantıların daşınmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, Ç-MG/4424- 117 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində şərti olaraq 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədri X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlandığı 130 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2024-cü il tarixli, Ç-MG/4424-117 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb ilə bağlı xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Ağalıq kəndində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X3, Ağalıq bələdiyyəsinin bələdiyyə üzvlərinin və qulluqçuların, Ağalıq İnzibati Ərazi Dairəsinin, Ağalıq kənd tam orta məktəbinin, Ağalıq kənd sahə xəstəxanasının, Ağalıq kənd uşaq bağçasının, Şabran rayon Yaşıllaşdırma və Təmizlik İdarəsinin əməkdaşlarının iştirakları ilə genişmiqyaslı iməclik keçirilməsi və iməclik zamanı ərazilər məişət tullantılarından, bərk və yad cisimlərdən tamamilə təmizlənməsi barədə məlumatlnadırılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədri X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli, Ç-BM/4424-719 saylı bildirişdən görünür ki, sonuncuya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda qeyd edilmiş hüquqpozmanın 25 (iyirmi beş) gün müddətində aradan qaldırılmaması səbəbi ilə həmin qərara əsasən tətbiq edilmiş 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməli olduğu bildirilmişdir. - İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində həmin avtomobil yolunun kənarına məişət tullantıları atılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin Şabran rayonunun Uzunboyad bələdiyyəsinə ünvanlandığı 3-16-25/3-U-4- /26/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həmin məktubda istər Bələdiyyələrin statusu haqqında, istərsə də İstehsalat və məişət tullantıları (hazırda Tullantılar haqqında) haqqında Qanunlarda və digər qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərəsizləşdirilməsi və emalı ilə bağlı məsələnin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə vəzifə qoyulmadığı qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X8 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayətlə məhkəməyə müraciət etdiyi zaman tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş və ötürülmüş müddətin bərpa edilməsinə dair ərizəni də məhkəməyə təqdim etmiş və Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(031)-438/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən X8 üçün xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü səbəblərdən buraxıldığından bərpa edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 114-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi; 2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi; 3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi; 4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; 5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; 7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; 8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi; 9) yerli ekoloji proqramların qəbul və icra edilməsi. Azərbaycan Respublikasının Konstitusiyasının 114-cü maddəsinin İİ hissəsinə əsasən bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər. Azərbaycan Respublikasının “Bələdiyyələrin statusu haqqında” xx.xx.1999-cu il tarixli, 698-İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Azərbaycan Respublikasının “Tullantılar haqqında” xx.xx.1998-ci il tarixli, 514-İQ nömrəli Qanununun 5-ci maddəsinin 18-ci abzasına əsasən tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 8.12ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.7.3-cü yarımbəndinə əsasən məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” nin təsdiq edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 298 nömrəli Qərarının 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilmişdir: 1.1. respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; 1.2. yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərində də göründüyü kimi, istər Azərbaycan Respublikasının “Bələdiyyələrin statusu haqqında” xx.xx.1999-cu il tarixli, 698-İQ nömrəli Qanununda və Azərbaycan Respublikasının “Tullantılar haqqında” xx.xx.1998-ci il tarixli, 514-İQ nömrəli Qanununda, istərsə də digər qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Bu məsələlərin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. Bu hüququ bələdiyyələr maliyyə imkanlarına uyğun olaraq tərtib etdikləri ekoloji proqramlar çərçivəsində həyata keçirə bilərlər (hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Ağalıq kəndində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X3, Ağalıq bələdiyyəsinin bələdiyyə üzvlərinin və qulluqçuların, Ağalıq İnzibati Ərazi Dairəsinin, Ağalıq kənd tam orta məktəbinin, Ağalıq kənd sahə xəstəxanasının, Ağalıq kənd uşaq bağçasının, Şabran rayon Yaşıllaşdırma və Təmizlik İdarəsinin əməkdaşlarının iştirakları ilə keçirilmiş genişmiqyaslı iməclik). Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.7.3-cü yarımbəndindən də görünür ki, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üçün tədbirlərin görülməsinin bələdiyyələr tərəfindən deyil, yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan vəzifələrin yerli icra hakimiyyəti orqanları tərəfindən özünüidarəetmə orqanı olan bələdiyyələrə, hazırki iş üzrə isə konkret olaraq Şabran rayonunun Ağalıq bələdiyyəsinə tapşırılması barədə, o cümlədən məişət tullantılarının aşkar edildiyi ərazilərin Şabran rayonunun Ağalıq bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən hər-hansı bir mötəbər sübut Azərbaycan Respublikasının 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə iş materiallarına əlavə edilmiş fotoşəkilərdən görünür ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində həmin avtomobil yolunun kənarına məişət tullantıları atılmışdır və həmin ərazilərin də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” - nin təsdiq edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 298 nömrəli Qərarının 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağının ərazinə düşdüyü açıq aşkar görünür. Bununla yanaşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin başqa, oxşar iş üzrə Şabran rayonunun Uzunboyad bələdiyyəsinə ünvanlandığı 3-16-25/3-U-4-/26/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda da qeyd etmişdir ki, heç bir qanunvericilik normasında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsi görə bələdiyyələrin üzərinə vəzifə qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərində olsa da, sonucu Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədri X8 tərəfindən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərini və ya qərarlarının yerinə yetirilməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bunun əksinə məhkəmə iclasında Azərbaycan Respublikasının Qanunvericili ilə məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsi görə bələdiyyələrin üzərinə hər hansı vəzifə qoyulmadığı, belə olduğu halda isə Şabran rayonunun Ağalıq bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, Ç-MG/4424-117 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbində qanunsuz və əsassız olduğu, o cümlədən Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədrinin də həmin göstərişdə qeyd edilən qanunsuz tələbi icra etməməkdə haqlı olduğu aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədri X4 Şabran rayonunun Ağalıq bələdiyyəsinin ərazisində aşkar olunmuş tullantıların daşınmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024cü il tarixli, Ç-MG/4424-117 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyini və barəsində şərti olaraq 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edildiyini nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin və Şabran rayonunun Ağalıq bələdiyyəsinin sədri X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış iznibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar