Məhkəmə qərarları › İş №3(031)-17/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-17/2020

14.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-17/2020 14.01.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Dəvəçi (indi Şabran) rayonunun Gəndab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonunun Gəndov kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində, Şabran rayonunun Gəndov kəndi ərazisində, spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi zaman, sonuncunun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 tərtib etdiyi protokolu müdafiə edərək, xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30-da, Şabran rayonunun Gəndov kəndində Zərərçəkmiş şəxs təhqir etdiyini bildirmiş və xx xxxxxx 2020-ci il tarixdə, məhkəmə çıxışında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatda xx xxxxxx 2020-ci il tarixdə Şabran rayonunun Gəndov kəndində Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandığını, lakin mübahisə zamanı Zərərçəkmiş şəxs təhqir etmədiyini göstərmişdir. Lakin, xx xxxxxx 2020-ci il tarixdə, məhkəmə çıxışında xx xxxxxx 2020-ci il tarixdə Şabran rayonunun Gəndov kəndində Zərərçəkmiş şəxs təhqir etdiyini, hadisə zamanı içkili olması səbəbi ilə həmin vaxt nə etdiyini xatırlamadığı üçün məhkəmənin birinci iclasında Zərərçəkmiş şəxs təhqir etmədiyimi bildirdiyini göstərərək ona istinad edilən əməli törətdiyini etiraf etmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatda Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30-da, Şabran rayonunun Gəndov kəndində onunla mübahisə etdiyi zaman onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdiyini, bu zaman yaxınlıqda başqa şəxslərin də olduğunu, həmin şəxsləri məhkəməyə çağıra biləcəyini, lakin hadisəni görübgörmədikləri barədə məlumatının olmadığını bildirərək, şahidləri dəvət etmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin, xx xxxxxx 2020-ci il tarixdə, məhkəmə çıxışında Şəxs xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında, Şabran rayonunun Gəndov kəndində onu təhqir etdiyi zaman yaxınlıqda olan şəxslərdən heç birinin bunu eşitmədiyini və bu səbəbdən məhkəmə iclasına heç kimi çağırmadığını göstərərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran rayonunun Gəndov kəndi ərazisində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X1 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılmaları üçün aidiyyətı üzrə xx xxxxxx 2020ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdirlər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar