Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-231/2022 18.04.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlu, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1995-ci il tarixdə Dəvəçi rayonunun Ağalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 03 avqust 2021-ci il tarixdə, saat 01:30 radələrində, Şabran rayonunun Ağalıq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən zərər çəkmiş şəxs X2 məxsus ümumilikdə 90 (doxsan) manat dəyərində bijuteriyanı, 06 mart 2022-ci il tarixdə, saat 02:00 radələrində, Şabran rayonunun Ağalıq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən zərər çəkmiş şəxs X5 məxsus 80 (səksən) manat dəyərində 01 (bir) ədəd hil boyunbağını, 18 mart 2022-ci il tarixdə, saat 01:00 radələrində, Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən 0,5 hektar torpaq sahəsindən isə zərər çəkmiş şəxs X3 məxsus ümumilikdə 500 (beş yüz) manat dəyərində 01 (bir) ədəd su motorunu, 01 (bir) ədəd dərman qarışdırmaq üçün qabı, 02 (iki) ədəd tikanlı məftili və 01 (bir) ədəd su üçün bareli oğurlayaraq xırda talama etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, 03 avqust 2021-ci il tarixdə, saat 01:30 radələrində, Şabran rayonunun Ağalıq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən bijuteriya, 06 mart 2022-ci il tarixdə, saat 02:00 radələrində, Şabran rayonunun Ağalıq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 01 (bir) ədəd hil boyunbağı, 18 mart 2022-ci il tarixdə, saat 01:00 radələrində, Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən 0,5 hektar torpaq sahəsindən isə 01 (bir) ədəd su motoru, 01 (bir) ədəd dərman qarışdırmaq üçün qab, 02 (iki) ədəd tikanlı məftil və 01 (bir) ədəd su üçün barel oğurladığını göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahat, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talaması sübuta yetirildi. Bu səbəbdən onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33 maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 16 aprel 2022-ci il tarixdən, saat 15:05-dən başlayaraq Şabran Rayon Polis Şöbəsinin müvəqqəti saxlanılma yerində inzibati qaydada tutulduğundan, inzibati həbsdə saxlama müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır və Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən Şabran Rayon Məhkəməsinə ünvanlanmış 18 aprel 2022-ci il tarixli, 200-6202-1222 nömrəli, 18 aprel 2022-ci il tarixli, 200-6203-1222 nömrəli və 18 aprel 2022-ci il tarixli, 200-6204-1222 nömrəli nömrəli müşayiət məktublarından iş üzrə əldə edilmiş maddi sübutların Şabran Rayon Polis Şöbəsində saxlanıldıqları aşkar edildiyindən, həmin maddi sübutlar sahiblərinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 104, 117, 128, 130 və 227-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.
3. İnzibati həbsdə saxlama müddətinin əvvəli 16 aprel 2022-ci il tarixdən, saat 15:05-dən hesablansın.
4. Şabran Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar sahiblərinə qaytarılsın. 5.Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.
6. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov