Məhkəmə qərarları › İş №3(031)-231/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-231/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-231/2025 10.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə Qərardan şikayət verən şəxs X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28184953 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28184953 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “KAMAZ 53229 Ş-DƏ 58146S” markalı, **-XP- *** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. “KAMAZ 53229 Ş-DƏ 58146S” markalı, **-XP-*** dövlət qeydiyyat yük nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 4 oxludur, hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsinə, ümumilikdə 32000 kq çəkiyə qədər yük vurula bilər (8000x4=32000+5% olmaqla, icazə verilən kütlə 33600 kq-dir). “KAMAZ 53229 Ş-DƏ 58146S” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə məxsus tərəzi qəbzindən də görünür ki, brutto 32570 kq, tara 13720 kq, netto 18850 kq olmuşdur. O, Şabran rayonundan Bakı istiqamətinə hərəkət edən zaman Şabran rayonu, Mollakamallı kəndi ərazisində quraşdırılmış tərəzidən keçərkən radar vasitəsilə çəkilərək ona 1200 manat cərimə yazılmışdır. Bakı şəhəri istiqamətində dayanmadan hərəkəti davam etdirərək Ceyranbatan ərazisində SOCAR yanacaqdoldurma məntəqəsi ərazisində olan tərəzidə bilavasitə gətirdiyi yükü çəkdirmiş, çəkisi 32070 kq olmuşdur. 500 kq fərq etmişdir ki, bu da yükün tərkibində olan suyun süzülməsi və yanacağın istifadəsindən yaranmış sərfiyyatdır. Belə ki, nəqliyyat vasitəsinə icazə verilən yük üzrə parametrlər aşılmayıb. İnzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs qərarın əsassız olduğunu bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X7 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28184953 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “KAMAZ 53229 Ş-DƏ 58146S” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin mülkiyyətçisi X2r. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, vəsiqə X4 məxsusdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28184953 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 18:35-də “KAMAZ 53229 Ş-DƏ 58146S” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə “KAMAZ 53229 Ş-DƏ 58146S” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X4 verilmişdir. Etibarnamə xx.xx.2025-ci il, saat 23:59-dək qüvədədir. İş materiallarında olan çek nömrəsi 6850 olan tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:39:24-də giriş və 17:39:29-da çıxış zamanı **-XP-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi 32570 kq olmuşdur. İş materiallarında olan 37911 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:51-də **-XP-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi 32070 kq olmuşdur. İş materiallarında olan “X6” MMC-yə məxsus 0965/25 nömrəli kalibrləmə sertifikatdan görünür ki, kalibrasiya laboratoriyası olaraq fəaliyyət göstərən “X6” MMC AZS İSO/İEC 17025:2020 standartına uyğun olaraq AZAK tərəfindən akkreditasiya edilmişdir. Kalibrləmə xx.xx.2025-ci il tarixdə baş vermiş, tövsiyə olunan növbəti kalibrləmə tarixi xx.xx.2026-ci il üçün qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi) 2 nömrəli cədvələ dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobillər üçün nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 32 tonu aşmamalıdır. Azərbaycan Respublikası “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qanununun 7.2-ci maddəsinə əsasən 353.2-ci maddənin dispozisiyasına “aşmaqla” sözündən sonra “(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)” sözləri əlavə edilmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən “KAMAZ 53229 Ş-DƏ 58146S” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi xx.xx.2025-ci il tarixdə, saat 17:39:24-də giriş və 17:39:29-da çıxış zamanı 32570 kq və saat 20:51-də 32070 kq təşkil etsə də, sözügedən inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2025-ci il tarixdə, saat 18:35-də “KAMAZ 53229 Ş-DƏ 58146S” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kütləsi əsassız olaraq icazə verilən kütlədən artıq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X3 xüsusi təyinatlı yük maşınının icazə verilən ümumi kütləni aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, yalnız öz subyektiv mülahizələrinə əsasən X3 idarə etdiyi xüsusi təyinatlı yük maşınının ümumi kütləsinin çox olduğunu müəyyən etmələri səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdirlər. Bu səbəbdən şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığına görə şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli və şəxsin təqsiri səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədiyinə görə o, təqsirsiz hesab edilməlidir. Belə ki, hər hansı vətəndaşın qeyd olunan yükü ölçmək üçün fərdi şəkildə tərəzisinin olması məcburi olan hal deyildir. Həm də bu sahə lisenziya ilə fəaliyyət göstərən şirkət və dövlət təşkilatlarına həvalə edilmişdir. Hətta tərəzi doğru işləməmiş olsa belə, bunun məsuliyyətini vətəndaşın üzərinə yükləmək olmaz. X7 nə qəsdən, nə də ehtiyatsızlıqdan bu əməli törətməmişdir. O, nəqliyyat vasitəsində olan yükün artıq olmasını bilə bilməzdi və qabaqcadan da görə bilməzdi. O, qanuni şəkildə fəaliyyət göstərən, tərəzinin düzgün çəkməməsi sübut olunmamış və bu barədə ona məlum olmamış tərəzinin çəki barədə nəticələrinə güvənmək məcburiyyətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi “AzDoc”-X5 Sistemi və poçt vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, bundan əlavə müvafiq orqana qərarın tərtib edilməsi üçün əsas olmuş sənədlərin və sübutların məhkəməyə göndərilməsi barədə sorğu yazılmasına baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və qərarın tərtib edilməsi üçün əsas olmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması aiddir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28184953 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar